Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəb Liderliyi Proqramı”nın II çağırış üzrə iştirakçıları üçün interaktiv seminar təşkil olunub.
“Təşkilati inkişaf üçün effektiv qərarvermə” mövzusunda qonaq-spiker olaraq çıxış edən Nigar Əmrullayeva seminarın birinci hissəsində rasional qərarverməyə təsir edən amillər, selektiv qavrama, məhdud rasionallıq və s. kimi mövzuları əhatə edən interaktiv təqdimatla çıxış edib.
Seminarın ikinci hissəsində isə proqram iştirakçıları qrup işi formasında praktik fəaliyyətlərlə məşğul olub, verilən tapşırıqları leqolordan istifadə edərək yerinə yetiriblər.
Seminar müddətində “Məktəb Liderliyi Proqramı”nın II çağırışının iştirakçıları öz qərarvermə təcrübələrini bölüşüb, seminarın sonunda isə refleksiya edərək qazanılan yeni biliklərin təcrübədə tətbiqinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, seminarın qonaq-spikeri N.Əmrullayeva magistarura səviyyəsi üzrə London Kral Kollecində “Təhsilin təşkili və idarə olunması” ixtisasında təhsil alıb. Hazırda təhsilini magistratura səviyyəsi üzrə Kembric Universitetində “Biznesin idarə edilməsi (icraçı MBA)” sahəsi üzrə davam etdirir.
“Məktəb Liderliyi Proqramı”nın icrasında məqsəd müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanması və onlar arasında şəbəkələşməni təmin etməkdir.