London Universitet Kollecini bitirən Akmaral Rəhmanın uğur hekayəsi


Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, dünyanın ən yaxşı universitetlərində təhsil alan xaricdə təhsil proqramının məzunları ancaq yüksək vəzifəli məmurlar və ya iş adamları, transmilli korporasiyaların menecerləridir. Qazaxıstanın xaricdə təhsil proqramının (“Bolaşak”) məzunları arasında təkcə şəhərlərdə deyil, kənd yerlərində də işləyən çoxlu həkim, müəllim, hüquqşünas, iqtisadçı və proqramçı var.

 

Onlardan biri Almatı vilayətinin Janaturmıs kəndindəki məktəbdə ingilis dili müəllimi işləyən Akmaral Rəhmandır. Akmaral 2015-ci ildə Almatıda qazax məktəbini əla qiymətlərlə bitirib, ali məktəblərə qəbul imtahanında ən yüksək ballardan birini toplayıb, Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinə daxil olub.

 

Akmaral bakalavr proqramında əlaçı  tələbə və Almatı tələbələrinin könüllü hərəkatında iştirak edərək özünü fəal gənc kimi göstərib. Akademik mobillik proqramının üçüncü ilindən sonra Akmaral yay akademik semestrini oxumaq üçün   ABŞ-ın Nyu-Cersi ştatına səfər edib. Məhz bu səfər xarici universitetlərdə təhsilini davam etdirmək üçün stimul olub.

 

Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetini fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssis “Bolaşak” beynəlxalq xaricdə təhsil təqaüdünə müraciət edib, seçim prosesindən keçərək Böyük Britaniyanın London Universitet Kollecində magistratura proqramına daxil olub.

 

“Bolaşak” minlərlə qazaxıstanlıya dünyanın ən nüfuzlu universitetlərində bilik əldə etmək şansı verən unikal proqramdır. Başqa ölkələrdən olan tələbə yoldaşlarım dövlətimizin gənclərə verdiyi imkanlardan xəbər tutanda, bizə paxıllıq həsəd aparırdılar. İngiltərədə oxuduğum bir il ərzində Vətənimin himayədarlığını tam hiss etdim. Təyyarə və vizanın rəsmiləşdirilməsindən tutmuş, yaşayış və yeməyə qədər bütün problemlər çiynimdən qaldırıldı. Daha nə istəyə bilərsiniz? Bu baxımdan “Boloşak” təqaüdünün dünyada analoqu yoxdur”,-deyə  Akmaral Erkebulankızı deyir.

 

Londonda olarkən Akmaral bütün vaxtını təhsilinə həsr edib. Təlim məktəb, universitet və universitetdən sonrakı təhsil sistemlərini əhatə edən universal ixtisas tədris üzrə aparılıb. Beynəlxalq QS reytinqinə əsasən, 1826-cı ildə əsası qoyulan London Universitet Kolleci dünyanın ən yaxşı on universiteti sırasındadır. Belə bir universitetdə təhsilini başa vuran Akmaral vətənə qayıdıb, baxmayaraq ki, xaricdə iş tapmaq və vətəndə olduğundan qat-qat artıq pul qazanmaq imkanı var idi.

 

"Uşaqlıqdan müəllim olmaq arzusunda idim", - deyə Akmaral davam edir: “Mən çoxuşaqlı ailədə böyümüşəm, evdə tez-tez kiçik qardaş və bacılarıma ev tapşırıqlarını hazırlamağa kömək edirdim. Qazaxıstana qayıtdıqdan sonra öz biliyimi həmyerlilərim və məktəb şagirdləri ilə bölüşmək qərarına gəldim. Nə qədər iddialı səslənsə də, məni vətənpərvərlik hissi, doğulub boya-başa çatdığım ölkə qarşısında vətəndaşlıq borcu idarə edirdi. Ona görə də mən biznesə, dövlət qulluğuna yox, təhsil sahəsinə getmişəm”.

 

Artıq iki ildir ki, Akmaral Rəhman kənd məktəbində ingilis dili dərslərini tədris edir. O, ölkənin ən yaxşı müəllimlərini regionlara cəlb etmək üçün dövlət proqramı çərçivəsində Almatı vilayətinin Janaturmıs kəndinə göndərilib. Akmaral yüksək kateqoriyalı müəllimdir, bir sıra sertifikat və mükafatlara malikdir, həmçinin Kaskelen məktəbində tədris şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

İxtisaslı mütəxəssis öz işində müasir tədris metodlarından, o cümlədən oyun formalarından istifadə edir, bunun sayəsində Janaturmıs kəndinin uşaqları biliyə tez və asanlıqla yiyələnir. Dərsdə, xüsusilə, kommunikativ texnologiya, dil mühitinin yaradılması yaxşı effekt verir. Dərslərdə Akmaral qazax və ya rus dillərindən yox,  ingilis dilindən istifadə edir.


“Biz distant təhsildə beynəlxalq təcrübəni tətbiq etməliyik”, - deyən müəllim əmindir: “Pandemiya göstərdi ki, Qazaxıstanda bu format çox zəifdir. Kəndlərin, hətta şəhərlərin internet və mobil rabitə ilə əhatə olunmasında xeyli problemlər var idi. Bundan əlavə, təlim platformaları və proqramları çatışmazlığı var. Aparıcı dünya ekspertlərinin proqnozlarına görə, yaxın gələcəkdə universitetlərin 50%-dən çoxu onlayn təhsilə keçəcək”.  

 

Akmaralın sözlərinə görə, yerli təhsil sisteminin digər çox vacib sahəsi kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsidir. Təəssüf ki, kənd sakinlərinin şəhər sakinləri ilə müqayisədə qabaqcıl təhsil texnologiyalarına çıxışı azdır. Səbəblərdən biri peşəkar kadr çatışmazlığı, eləcə də yerli təhsil müəssisələrinin metodiki və maddi-texniki təchizatının olmamasıdır. Məhz bu boşluğu doldurmaq istəyən Akmaral öz təcrübə və biliyini kənd uşaqlarına ötürərək, onları respublikanın və xaricdəki ən yaxşı ali məktəblərə daxil olmağa həvəsləndirir.

 

Akmaralın sözlərinə görə, kənd yerlərində çoxlu istedadlı gənclər var. Onların potensialını üzə çıxarmaq lazımdır, çünki onlar mükəmməl mütəxəssislər kimi yetişəcək və öz doğma dövlətlərinin inkişafına layiqli töhfə verəcəklər.

 

Oruc MUSTAFAYEV