Peşə təhsili pilləsində kadr hazırlığı daha cəlbedici olur


Bu dəfə yolumuz Mingəçevir şəhərinədir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinin ən uğurlu nəticələrindən biri, peşə təhsili sahəsində atılan addımların davamı olaraq fəaliyyətə başlayan "ASAN Peşə" Təhsil Mərkəzinə. Təhsil Mərkəzi burada təşkil olunacaq seminarın bütün iştirakçıları üçün maraqlıdır. Niyə də olmasın? Müasir təhsil proqramları ilə təhsil, əmək bazarında tələb olunan ixtisaslar üzrə kadr hazırlığı, yeni standart və müasir infrastruktur. Burda hər şey yenidir. Özü də sadəcə jurnalistlər üçün yox, bütövlükdə Azərbaycan üçün.

 

Dəyişikliyin başlıca səbəbi Dövlət Strategiyasıdır

 

Peşə təhsili ölkəmiz üçün yeni deyil. Belə ki, 185 peşə təhsili müəssisəsində 300 peşə istiqaməti üzrə 100 mindən çox gəncin ixtisaslı kadr kimi yetişdirildiyi dövrü də yaşayıb. Üstündən keçən vaxt elə də böyük zaman kəsiyi olmasa da, çox şey dəyişib. İndi peşə təhsili müəssisələrində 33-ü yeni olmaqla 168 ixtisas üzrə 23 min civarında gənc təhsil alır. Fərqlənən sadəcə rəqəmlər deyil, həm də keyfiyyətdir.

 

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər" mövzusu üzərində qurduğu təqdimatda "ASAN Peşə" Təhsil Mərkəzi yaranana qədərki yola nəzər salıb, ondan sonrakı planlardan da danışıb. Bu yolun planını müəyyənləşdirən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" nın tətbiqi nəticəsində əldə edilən nailiyyətləri xatırladıb. Onun sözlərinə görə, Dövlət Strategiyası qəbul olunanda məhz dövrün tələbləri nəzərə alınıb: "Müasir dünyanın tələbləri dəyişdikcə peşə təhsilinin vacibliyi daha çox önə çıxmağa başladı. Biz bu gün iqtisadiyyatın inkişafından danışırıqsa, səriştəli işçi qüvvəsi zəruridir. Bu isə ali təhsil pilləsində deyil, peşə təhsili pilləsində kadr hazırlığını aktuallaşdırır".

 

Odur ki, Dövlət Strategiyasında peşə təhsili üzrə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər çərçivəsində peşə təhsilində tədrisin məzmun və keyfiyyətinin yaxşılaşdırılması, müasir standartlara uyğun təhsil proqramlarının tətbiq olunması, universal peşə tədris mərkəzlərinin yaradılması əsas prioritetlərdəndir.

 

Məqsədə gedən yolu qısaltmaq üçün atılan addımlara gəlincə, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması tədbirləri bunlardan biridir

 

Həmin tədbirlərin nəticəsində 83 peşə təhsil müəssisəsi fəaliyyətə başlayıb. Onların 14-ü son illərdə yaradılan peşə təhsil mərkəzləridir.

 

10 yeni mərkəz yaradılacaq

 

A.Əlilinin fikrincə, rasionallaşdırma tədbirlərinin həyata keçirilməsinin səbəblərindən biri kəmiyyətin deyil, keyfiyyətin önəmli olmasıdır. Bu proses nəticəsində mövcud peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və onların əsasında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını həyata keçirə bilən mərkəzlərin yaradılması əsas şərtdir: “Çünki Bakı və Gəncədə fəaliyyət göstərən peşə təhsil müəssisələrinin bir çoxunun maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Onları birləşdirməklə maddi- texniki bazadan daha səmərəli istifadə etməyə və daha keyfiyyətli kadr hazırlığına nail olmağa çalışdıq”.

 

Nəticədə Bakı və Gəncə şəhərlərində yerləşən 32 peşə təhsili müəssisəsi rasionallaşdırılıb və onların bazasında 13 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

 

Prosesin davamı olaraq Təhsil Nazirliyi 10 yeni peşə təhsili müəssisəsinin yaradılması ilə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə təqdim edib. Respublikanın digər şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı Tədbirlər Planı da hazırdır və artıq aidiyyəti üzrə təqdim olunub.

 

Yeni peşə təhsil mərkəzləri: ‘ASAN Peşə” onlardan biridir

 

Son illərdə yaradılan peşə təhsil müəssisələrindən biri də “ASAN Peşə” Təhsil Mərkəzidir. İxtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” Təhsil Mərkəzi bu ilin yanvarında fəaliyyətə başlayıb, tikin olaraq 2018-2019-cu tədris ilində 5 ixtisas üzrə kadr hazırlığına başlanılıb. Burada tikişçi, kompüter operatoru, santexnik-çilingər, elektrik və mexanik hazırlanır.

 

Necə hazırlanmasına gəlincə, onu da tələbələrdən eşitmək üçün burdayıq.

 

“ASAN Peşə” Təhsil Mərkəzində dərs vaxtıdır. 2018- 2019-cu tədris ilindən qəbul həyata keçirilən yeni ixtisaslardan biri - rəqəmli idarə olunan dəzgahların kompüter operatoru ixtisası üzrə təhsil alan tələbələrin qrupundayıq. Onlar həm nəzəri, həm də praktik olaraq müasir avadanlıqlarla işləməyi öyrənirlər. Gülüstan Kərimova onlara emal prosesinin avtomatlaşdırılmasını tədris edir.

 

Universiteti qazandı, “ASAN Peşə” də oxudu

 

Bu qrupun tələbələrindən biri Aysu Rüstəmli İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanı bitirib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib və qazanıb: “İxtisasım məni qane etmədi. Azərbaycan Dövlət İqtisad Universitetinin çox işlənən malların texnologiyası ixtisasına qəbul olundum. Ancaq qeydiyyatdan keçmədim”.

 

Daha sonra peşə məktəblərinə qəbul prosesində iştirak edib. “ASAN Peşə” layihəsi çərçivəsində “ASAN Xidmət” mərkəzlərində peşə təhsili müəssisələrinin ixtisasları ilə maraqlanıb və yeni ixtisas olmasına baxmayaraq, rəqəmli idarə olunan dəzgahların kompüter operatoru ixtisasını seçib: “Bu ixtisası 160 nəfər seçib. Attestat balım yüksək olduğu üçün bu rəqabətdən uğurla çıxdım və seçimimə görə peşiman deyiləm. Avadanlıqlar, dərslərimiz, müəllimlərin tədris metodları məni qane edir. Çalışırıq ki, əlimizə düşən bu fürsətdən maksimum yararlanıb peşəmizi öyrənək. Bu ixtisas sadəcə peşə təhsili müəssisələrindədir, hələ universitetlərdə yoxdur”.

 

“ASAN Peşə” layihəsinin üstün cəhətlərindən biri də...

 

2016-2017-ci tədris ilindən başlayaraq peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilir. Vətəndaşların rahatlığının təmin edilməsi, o cümlədən təhsilin bütün pillələrində olduğu kimi peşə təhsilində də tam şəffaflığın təmin edilməsi məqsədi ilə həyata keçirilən layihə 2016-2017-ci tədris ilində Bakı və Gəncə şəhərləri ilə məhdudlaşırdısa, 3 ildir uğurla reallaşdırılan layihə artıq bütün ölkə ərazisini əhatə edir.

Amil Əlilinin sözlərinə görə, bu layihəyə qədər peşə təhsili müəssisələrinə orta göstəriciləri aşağı olanlar müraciət edirdi.“ASAN Peşə" layihəsindən və peşə təhsili müəssisələrində aparılan islahatlardan sonra orta məktəbi “5” qiymətlə bitirənlər arasında peşə təhsili müəssisələrinin tələbəsi statusunu qazanmaq istəyənlərin sayı artıb, fndi onların sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çoxdur: “Sadəcə bir faktı deyim ki, 2018-2019-cu tədris ilində orta məktəbi fərqlənmə attestatı ilə bitirən 70-dən çox gənc ixtisas seçib”.

 

Attestat balı yüksək olan Gülgəz Kərimli Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin məzunudur. Kompüter operatoru ixtisası barədə məhz “ASAN Peşə” layihəsinə qatılarkən məlumat alıb: “ASAN Peşə” layihəsinin üstün cəhətlərindən biri də məhz ixtisaslarla bağlı məlumatlanmağımızda və attestat balımıza uyğun düzgün ixtisas seçməyimizdə “ASAN xidmət”dəki könüllülərin köməyidir. Könüllülər həm məlumatlandırır, həm də düzgün istiqamət verirlər. Bu gün burada təhsil ala bildiyim üçün həm də bu layihəyə borcluyam. Buradakı təhsil, təcrübə o qədər maraqlı keçir ki, nə vaxt özüm təkbaşına işləyəcəyəm deyə tələsirəm. Hər şeyi daha tez öyrənmək istəyirəm. Bu baxımdan həftənin bazar ertəsi mənim üçün ən maraqlı gündür. Həmin gün “Akkord”da və ya Mingəçevir Sənaye Texniki Parkında istehsalat təcrübəsi keçirik”.

 

Ali təhsilli elektrik

 

Təhsil Mərkəzində 5 qrupdan biri - “Elektrik xətlərinin quraşdırılması üzrə mütəxəssis” ixtisası üzrə təhsil alan 20 nəfərlik qrupdayıq. Amil Əlilinin sözlərinə görə, bu ixtisas üzrə ən yüksək keyfiyyətli kadr hazırlığı məhz “Asan Peşə” Təhsil Mərkəzindədir. Bu qrupun ən fəal tələbələrindən biri diqqətimizi çəkir. Məlum olur ki, Xəyyam Əliyev peşə təhsilinə üz tutan onlarla ali təhsilli gəncdən biridir. 2005-ci ildə Gəncə Dövlət Universitetinin fizika fakültəsini bitirib: “11 il fizika müəllimi işlədim. Ölkə başçısının iştirakı ilə Mingəçevirdə Sənaye Parkının açılışı oldu. Açılışdan sonra bu inkişafdan yararlanmaq qərarına gəldim və sənayedə çalışmaq üçün müraciət etdim. İş yerimi dəyişib tekstildə işləməyə başladım. Hesab etdim ki, inkişaf bu sahədədir. Yeni texnologiyalarla işləmək maraqlıdır. Fikrimcə, insan öz üzərində daim işləməlidir. Gələcəyimizin də texnologiyadan asılı olduğunu nəzərə alsaq, mən də olduğum yerdən bir az irəli getmək istədim. Təhsil almaq, şərait, yeni texnologiya ilə tanışlıq, müəllimlərlə işləmək çox maraqlıdır”.

 

Amil Əlili bu fikirdədir ki, bir neçə il sonra ali təhsilə deyil, peşə təhsilinə üstünlük verənlərin sayı kəskin dəyişəcək: “Ali təhsilli mütəxəssislər artıq peşə təhsilinə müraciət edirlər. Son 3 ildə ali məktəbi bitirib əmək bazarında özünə iş tapmayan kifayət qədər diplomlu insan görmək olar. Həmin şəxslər qısa müddətdə, özü də əmək bazarının tələbinə uyğun yeni ixtisas üzrə peşə təhsilinə müraciət edirlər. Bu da peşə təhsilinin aktuallığını üzə çıxarır. Məsələn, İT STEP Kompüter Akademiyasına müraciət edən 30 nəfərin 50 faizdən çoxu məhz ali təhsillilərdir. Xidmət sektoru üzrə müraciət edənlərin arasında da ali təhsillilər çoxluq təşkil edirlər. Bu ildən etibarən pilot olaraq texniki ixtisaslar üzrə kadr hazırlığı aparılır. Elə həmin ixtisaslar üzrə də kifayət qədər ali təhsilli şəxslər müraciət edirlər. Məsələn, avtomobil təmiri çilingəri, elektrik-qaz qaynaqçısı ixtisasları üzrə ali təhsillilərin müraciətinin şahidi oluruq".

 

“Hamı məni axtarsın"

 

Sanitar-texniki avadanlıqlar laboratoriyasındayıq. Santexnik olmaq istəyənlər bu peşənin sirlərini öyrənirlər. Məsələn, Yasin Qocayev ümumi orta təhsil pilləsindən gəlib. Mingəçevir şəhərindəki Rəşad Muradov adma 7 nömrəli tam orta məktəbdə təhsil alıb: “Bu peşəyə marağım vardı. Ona görə də təhsilimi peşə məktəbində davam etdirmək istədim. Valideynlərim də qərarımı dəstəklədilər. Müşahidə edirdim ki, bu peşə hamıya lazım olur. Burada yaxşı öyrənəcəyəm. Çalışacağam ki, bir il ərzində elə yetişim ki, hamı məni axtarsın".

 

11 il sonra xəyalı gerçəkləşdi

 

Rəqəmli idarə olunan dəzgahlarda və tornaçı qrupunda ixtisas fənn müəllimi Tünzalə İsmayılova deyir ki, onlar məktəblərdə də iş aparır, Təhsil Mərkəzində tədris olunan ixtisaslar barədə məktəblilərə məlumat verirlər.

 

Ruqiyyə Həsənova məhz bu məlumatlandırmanın nəticəsi olaraq burdadır. “Asan Peşə” Təhsil Mərkəzində tikiş avadanlıqlarının operatoru, tikişçi ixtisası üzrə təhsil alır. Mingəçevirdəki tlqar Zeynalov adma 2 nömrəli tam orta məktəbin şagirdi olan Ruqiyyə ümumi orta təhsil bazasından peşə təhsili müəssisələrinin ixtisas seçimi mərhələsinə qatılaraq uğur qazanıb: “Uşaqlıqdan tikişə marağım var. Müəllimimiz də bizi çox həvəsləndirir”.

 

Tikişə marağı olan Yevlax rayonunun Tanrıqulular kənd sakini Lalə Hüseynova isə 11 ildir orta təhsilini tamamlayıb: “Ailəliyəm, iki övladım var. Evdar qadınam. Ancaq elanı eşidəndən sonra mən də təhsil almaq istədim. Tikib-biçməyi sevsəm də, bacarmamışam. Buna görə həmişə təəssüflənirdim. Bu şans barədə eşidəndə kənarda qalmaq istəmədim. Bu imkanı mənə, mənim kimi neçə- neçə qadına yaratdıqlarına görə     dövlətimizə çox minnətdaram. Tikmək mənim üçün illər keçdikcə xəyala çevrilməyə başlamışdı. Demək olar, xəyalımı gerçəkləşdirdilər. Artıq iki aydır oxuyuram, amma hələ də inana bilmirəm ki, iki il sonra sevdiyim işlə məşğul ola biləcəyəm”.

 

“Ustalarımız da, müəllimlərimiz də yüksək ixtisaslı mütəxəssislərdir”

 

Mingəçevir Peşə Məktəbinin direktoru tlham tlyasov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 2018- 2019-cu tədris ili üçün 8 ixtisas üzrə ümumilikdə 160 tələbə qəbul olunub. 8 qrupdan 5-i bu binada, “Asan Peşə” Təhsil Mərkəzində təhsil alır. Təhsilalanlar tədris planına uyğun olaraq aprel ayına qədər nəzəri məşğələlər, aprel ayından sonra isə ixtisaslarına uyğun olaraq istehsalat sahələrində təcrübə keçəcəklər.

 

İlham İlyasov onu da qeyd edib ki, “Asan Peşə” Təhsil Mərkəzi Avropa İttifaqı ölkələrinin, Çin, Türkiyə və başqa qabaqcıl ölkələrin texnologiyası ilə təchiz edilib. Pedaqoji heyət 16 müəllim, 8 usta olmaqla 24 nəfərdən ibarətdir: “Ustalarımız da, müəllimlərimiz də yüksək ixtisaslı mütəxəssislərdir”.

 

İ.İlyasov onu da qeyd edib ki, peşəyönümlü fəaliyyətlə əlaqədar işəgötürənlərlə sıx əməkdaşlıq edilir: “Yeni açılan ixtisaslar üzrə Mingəçevir şəhərində yerləşən idarə, müəssisə və təşkilatlarla danışıqlar aparılır, rəsmi yazışmalar gedir. Cəhdlərimiz ona yönəlib ki, tələbələrə təhsil aldığı müddətdə təcrübədən keçmələri üçün şərait yaradaq, kadrlarımızı işəgötürənlərə təklif edək”.

 

Amil Əlili vurğulayıb ki, peşə təhsilində 30-a qədər müəssisə ilə əməkdaşlığa dair görüşlər keçirilib. 1000-ə yaxın müəssisə ilə peşə təhsili müəssisələri arasında təhsilalanların istehsalat təcrübəsi keçmələrinə dair müqavilələr imzalanıb.

 

Qəbul planı işəgötürənlərin sifarişi əsasında hazırlanır

 

Amil Əlili qeyd edib ki, kadrların nəinki təcrübə və işlə təmin olunmasında, elə hazırlığı prosesində də işəgötürənlərin tələbi böyük önəm daşıyır. Odur ki, peşə təhsili müəssisələrinə qəbul planı hazırlanarkən bu məqam göz önündə tutulur.

 

A.Əlili qeyd edib ki, tələbat artan ixtisaslar arasında köhnə stereotiplərin dağıldığını göstərən faktlara da rast gəlinir: “Aşpaz hər zaman tələb olunan ixtisasdır. Ancaq tutaq ki, turizm sektoru üzrə köhnə stereotiplərin qırıldığını göstərən tələblərlə qarşılaşırıq. Məsələn, oteldə konsier, mehmanxana inzibatçısı, mehmanxana təsərrüfatı üzrə mütəxəssis, turizm agenti kimi yeni ixtisaslara böyük tələbat yaranıb”.

 

A.Əlili xüsusi qeyd edib ki, əmək bazarının tələblərinə uyğun kadr hazırlığından danışırıqsa, hər bir istehsal subyektinin yanaşmalarını əsas götürməliyik: “Sahibkarların necə kadrlara ehtiyacı var və həmin kadrları hazırlamaq üçün hansı imkanlara malikik? Bu baxımdan işəgötürənlərlə peşə təhsili müəssisələrinin birbaşa əlaqəli fəaliyyəti çox önəmlidir. Əks halda, diplomlu işsizlərin sayı arta bilər”.

 

R.Hüseynova