Bakı Mühəndislik Universitetinin tələbəsi: “İmtahanlar şəffaf, qiymətləndirmə ədalətli oldu”
Bu, əsl qış sessiyası oldu, qar da gördü, şaxta da. Bəs, bu şaxta imtahan həyəcanını kəsə bildimi?
Hər sessiya dövründə olduğu kimi, yenə universitetlər qapılarını açıb şəffaf imtahan, ədalətli qiymətləndirmə apardıqlarını ictimaiyyətə göstərməyə çalışdı. Arzulayan hər kəs imtahan zallarına daxil oldu, prosesi izlədi.
“Azərbaycan müəllimi” qəzeti də ənənəsinə sadiq qaldı. Qarlı-boranlı qış günlərinin birində bir ali məktəbin- Bakı Mühəndislik Universitetinin AÇIQ qapısından girib imtahanların gedişinə nəzər saldı.
“Açıq” deyiriksə, lap elə də açıq deyil, mühafizəsi var universitetin. İstənilən təhlükəyə qarşı qorunur. Qapıya yaxınlaşan hər adam universitetə daxil ola bilmir. Buradan, sadəcə imtahan prosesini izləmək arzusunu bildirənlər rahatca keçir. Amma qapıdan girəndən sonra burada imtahan zalını tapmaq üçün mütləq bələdçiyə ehtiyac var. Çünki universitet kampusu kifayət qədər böyükdür. Nə az, nə çox, düz 20 hektar torpaq sahəsində qurulan universitet şəhərciyinə daxil olursan. Tədris korpusları, hər korpusda geniş və işıqlı auditoriyalar, böyük mühazirə salonları, tələbə yataqxanaları, kitabxana, yeməkxana...
İmtahanlar dövrü olmasına baxmayaraq, tələbələr elə də gərgin görünmürlər. İmtahan cavablarını gözləyərkən yeməkxanada oturub növbəti imtahanın suallarını nəzərdən keçirənlər də var, kitabxanaya girib əlində siyahı imtahan suallarının cavablarını tapacağı kitabları axtaranlar da. Amma bir imtahan günündə qarın, soyuğun yaratdığı fürsətləri dəyərləndirənlərə də rast gəlinir. Budur, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələri imtahan vərəqini müəllimə təhvil verən kimi qartopu “döyüşü”nə başlayıblar.
Mirkənan Fətullayev deyir qrup yoldaşlarıyla qarın, universitet həyatının, onlar üçün yaradılmış mühitin dadını çıxarırlar: “Hamımız eyni qrupda təhsil alırıq. İmtahanımız bitdi, dedik, qartopu oynayaq”.
Diskret riyaziyyat üzrə imtahan veriblər. Dediyinə görə, imtahan yaxşı keçib: “Sualların hamısına cavab yazdım. 4 cavabımdan əminəm. Qrupumuz 5 imtahan verib. Mən bir imtahana girə bilməmişəm. Qrupumuzda imtahanlardan hələ narazı qalan olmayıb. İndiyədək də imtahanlarımız yaxşı təşkil olunurdu, amma bu il suallar əvvəlcədən bəlli olduğu üçün az stress keçirdik. İmtahanlar şəffaf idi, köçürülmə hallarına imkan vermədilər. Qiymətləndirmə də ədalətli oldu, yəni tələbələrin yazdığı cavaba adekvat”.
İmtahan necə təşkil edilib?
Gələk imtahanların təşkilinə. Bakı Mühəndislik Universitetində imtahanlar ötən ilin son günlərindən start götürüb. Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının elektron məlumat sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları, o cümlədən dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi və kurs işi nəticələri sistemə tam daxil edilib. Universitetdə yaradılmış İmtahan Qərargahından aldığımız məlumata görə, bakalavriat və magistratura səviyyələrində indiyə qədər 1279 imtahan keçirilib. Sonuncu imtahan tarixi 29 yanvar müəyyən edilib. Ümumiyyətlə isə universitetdə təhsilin hər iki pilləsi üzrə dekabrın 29-dan əyani formada təşkil olunan imtahan sessiyası fevralın 1-dək davam edəcək.
Mühəndislik fakültəsində
İmtahanları uğurla davam edən fakültələrdən biri də mühəndislik fakültəsidir. Tədris işləri üzrə dekan müavini, fakültə üzrə imtahan komissiyasının sədri Osman Mirzəyevin sözlərinə görə, işlər qaydasında gedir: “Dekabrın 30-dan imtahanlara start verilib. Fakültə üzrə imtahanlar bərabər paylanıb. Bu il imtahanlarda yenilik etmişik. Əvvəlki illərdə, sadəcə suallar salınacaq mövzular elan olunurdu. Bu il tələbələrə bütün imtahan sualları əvvəlcədən təqdim edilib. İmtahana 2 həftə qalmış hər tələbənin səhifəsinə suallar yerləşdirilib. İşimizi yaxşı təşkil etdiyimizi düşünürəm. İndiyədək hər hansı ciddi narazılıq və problem yaranmayıb. Təbii ki, hər imtahanda olduğu kimi, bu il də köçürməyə cəhdlər edərək imtahandan kənarlaşdırılanlar, verdiyi cavablar qənaətbəxş olmayıb imtahandan kəsilənlər də qeydə alındı”.
Amma müəllimlərinin qənaətbəxş qərarı ilə razılaşmayan, daha yüksək qiymətə layiq olduğunu düşünənlər də olur. Osman müəllim deyir ki, belə tələbələrə də öz nəticələrindən əmin olmaları üçün hər cür şərait yaradılıb: “Əvvəlcə tələbənin narazılığı fakültədə müzakirə olunur. Qərarımızla razılaşmırlarsa, bunun üçün də universitetimizdə Apellyasiya Komissiyası fəaliyyət göstərir. Həftənin müəyyən edilmiş günündə komissiya toplanır, müzakirə aparılır və tələbənin şikayəti əsaslı hesab edilərsə, qiymətə düzəliş edilir. Fakültədən indiyədək 20-dək işə baxılıb. 6-7 faktda qiymətə düzəliş edilib”.
Mütalib Əsgərov “Kompüter mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsidir: “Proqramlaşdırmadan imtahan verdim. İmtahan yaxşı keçdi. Builki imtahanlarda ötən ilkindən daha rahat idik. İmtahan sualları əvvəlcədən təqdim edilmişdi. Bu, imtahana daha yaxşı hazırlaşmağımıza və rahat olmağımıza səbəb oldu”.
“Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan daha bir tələbə imtahandan çıxır. Şükufə Məmmədlinin də proqramlaşdırma fənnindən imtahanı uğurlu olub: “Yazılı imtahanda 5 sual qoyulmuşdu və hamısına cavab yazdım. İmtahan stressiz olmaz, amma gərginliyimiz nisbətən az idi. İmtahan nəticələrimdən razıyam”.
İmtahana nəzarət qrupu yaradılıb
BMU-da imtahan prosesində meydana çıxan hər hansı problemlə əlaqədar nəzarət qrupu fəaliyyət göstərir. Qrupun əsas missiyası imtahanlarda yarana biləcək şikayətlərin dərhal araşdırılmasını təmin etməkdir. Bəs, təmin edilirmi?
Murad Əmrahov “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alır. Hazırda imtahanı davam edir: “Elektrik materiallarının xassələri fənnindən imtahandaydıq. İmtahanlarımız yaxşı təşkil edilir. Hər hansı problemimiz demək olar ki, yaranmır. Texniki problemlər də daxil olmaqla, istənilən çətinlikdə müəllimlərimiz müdaxilə edirlər. Artıq IV imtahanımızdır. Əvvəllər olmurdu, bu il suallar da təqdim olunub. İmtahan sualları ilə tanışlığımızın nəticəsidir ki, hələ imtahanlardan kəsilən olmayıb qrupumuzda”.
İmtahan başa çatır. Qrupun çoxu artıq imtahan vərəqlərini təqdim edib.
Ədalət burada bərqərar edilir
İmtahan nəticələrini elə imtahan keçirilən gün fənn müəllimləri universitetin elektron məlumat sisteminə yerləşdirirlər. Amma bununla iş bitmir. Axı, nəticələrindən narazı qalan tələbələr olur. Belə müraciətlərin, o cümlədən yarana biləcək hər hansı şikayətin dərhal araşdırılması, həmçinin sessiyanın gedişinə operativ nəzarətin təmin olunması, yəni nəticələrin ədalətli olması üçün Qərargahın üzərinə böyük iş düşür. Nəticələrindən narazı olanlar Apellyasiya Komissiyasına üz tuturlar. Komissiyaya müraciət edə biləcəkləri, müraciət forması, qaydası barədə məlumat onlara hələ imtahan qaydaları izah ediləndə verilir. Odur ki, bütün haqları, həmçinin imtahan nəticələrini müəllimlərlə müzakirə edə biləcəklərini tələbələrimiz çox yaxşı bilir, lazım olanda da bu haqlarından istifadə edirlər.
Tələbələrə də izah edilən həmin qaydalara görə, imtahan bitdikdən sonra 1 gün ərzində ərizə ilə Apellyasiya Komissiyasına müraciət etmək imkanına malikdirlər.
Bəs, bu hüququndan istifadə edən neçə nəfərdir?
Sessiya başlayandan indiyədək Apellyasiya komissiyasına universitetin 4 fakültəsi - memarlıq və inşaat, mühəndislik, pedaqoji, iqtisadiyyat fakültələri üzrə ümumilikdə 134 müraciət daxil olub. Komissiyanın iclaslarında aparılan operativ və obyektiv araşdırmaların nəticələrinə görə, 115 müraciət üzrə tələbələrin mənafeyinə uyğun qərar verilib, 19 müraciət isə əsassız hesab edilib.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, imtahanların gedişinin ardıcıl surətdə yoxlanılması, nəticələrin kafedra iclasları və fakültə Elmi Şuralarında müzakirə edilməsi də diqqət mərkəzindədir.
Ümumilikdə 1437 imtahanın keçiriləcəyi sessiya dövrünün böyük hissəsi arxada qalıb. Bakı Mühəndislik Universitetində bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının uğurlu və səmərəli təşkili istiqamətində tələbələrin mənafeyinə uyğun olan bəzi qərarlar da qəbul edilib. Bu yanaşmalardan biri kimi, xəstəlik və digər üzrlü səbəblərə görə imtahanlarda iştirak edə bilməyən tələbələr üçün yenidən ödənişsiz imtahanların keçirilməsinə şərait yaradılır.
Bu qış sessiyası əvvəlkilərdən fərqləndi
Qış imtahan sessiyasına “qar yağdı”. El arasında qar bərəkət hesab edilir. Bakı Mühəndislik Universitetinin tələbələri üçün qış da bərəkətli oldu, elə sessiya da. Qış qarı, sessiya da tələbəyönümlü qərarları ilə yadda qaldı. Qeyd edək ki, BMU-da qəbul edilən tələbəyönümlü qərarların sayı ötən ilin sentyabrında universitetə yeni rektor təyinatından sonra xeyli artıb. Yeni rektor Yaqub Piriyev imtahanlar başlayandan sonra tələbələrlə görüşüb, həm imtahan prosesini izləyib, həm də tələbələrin prosesin təşkili ilə bağlı fikirlərini öyrənib. Tələbələr həmin görüşün nəticələrini maraqla izlədiklərini deyir: “İmtahanların gedişi ilə bağlı rektorumuz fikirlərimizlə maraqlandı. Çatışan, çatışmayan cəhətləri soruşdu, biz də dedik. Söhbət zamanı tələbələrin bilik və bacarıqlarının ədalətli və qərəzsiz qiymətləndirilməsi, həmçinin şəffaflığın təmin edilməsi üçün əlindən gələni edəcəyini dedi. Rektorumuz xüsusi vurğuladı ki, sessiya daim izlənilir, imtahanlara baxış ictimaiyyət nümayəndələri və tələbələrin valideynləri üçün açıqdır. Ona görə də imtahanlarımızda hər hansı ədalətsizlik olacağını düşünmürük”.
Ruhiyyə DAŞSALAHLI