Müasir dünyada ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir.  Əcnəbi tələbələr daha  beynəlmiləl  təhsil mühiti ilə seçilən, öz təhsil və karyera inkişaflarının təmin olunması  üçün əlçatan təqaüdlər vəd edən  universitetlərə üstünlük verirlər.  

 

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının yanvarın 24-də təqdim etdiyi növbəti tədqiqatı dünyanın beynəlmiləl universitetlərinin reytinqinə (World's most international universities 2024) həsr olunub.  Reytinqin tərtib edilməsi prosesində 4 göstərici - xarici tələbə və müəllimlərin faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış elmi nəşrlərin sayı, universitetin beynəlxalq nüfuzu (universiteti bəyənmiş xarici ekspertlərin səslərinin sayının yerli ekspertlərin səslərinin sayına olan nisbəti) nəzərə alınıb. 

 

Müxtəlif ölkələrdən 203 universitetin daxil olduğu reytinq sıralamasına 6-cı ildir ki, Honkonq şəhər Universiteti başçılıq edir.

 

Reytinqin ilk 10-luğunda aşağıdakı ali təhsil müəssisələri yer alıb:

  • 1. Honkonq şəhər Universiteti (Honkonq)
  • 2. Abu Dabi Universiteti (Birləşmiş Ərəb Əmirlikləri)
  • 3. Oksford Universiteti (Böyük Britaniya)
  • 4. Kembric Universiteti (Böyük Britaniya)
  • 5. London İmperial Kolleci (Böyük Britaniya)
  • 6. Honkonq Universiteti (Böyük Britaniya)
  • 7. ETH Sürix (İsveçrə)
  • 8. Ecole  Polytechnique Fédérale de Lausanne (İsveçrə) 
  • 9. Honkonq Elm və Texnologiya Universiteti (Honkonq)
  • 10. Honkonq Politexnik Universiteti (Honkonq)
     

Bu universitetlər  beynəlxalq tələbələrin və işçilərin yüksək nisbətinə malikdir, dünyanın hər yerindən alimlərlə araşdırmalar üzrə əməkdaşlıq edir və güclü qlobal reputasiya nümayiş etdirirlər.
  

Reytinqdən də göründüyü kimi, dünyanın ən beynəlxalq mühitlərində təhsil almaq istəyən tələbələr İsveçrə, Honkonq, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və ya Böyük Britaniyadakı universitetlərə müraciət edirlər.

 

Daha ətraflı https://www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world səhifəsindən tanış olmaq olar.

 

Oruc MUSTAFAYEV