Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BA Proqramlarının təşkilatçılığı ilə tələbələrin hazırladığı robotların yarışı keçirilib. “Robotların döyüşü” adlı yarışın əsas məqsədi zamanın ən müasir və aktual vasitəsi olan robotların bir-birini təsirsiz hala gətirmək məqsədilə mübarizə aparmasından ibarət olub. 

 

ADNSU-da artıq 2-ci dəfədir ki, keçirilən “Robotların döyüşü” yarışında çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə tələbələrin yaxşı bilik alması ilə yanaşı, onların fərdi bacarıqlarının inkişaf etdirilməsi, yeni startapların yaradılması üçün yaradılan şəraitdən danışıb və komandalara uğurlar arzulayıb.

 

Yarışda BA Proqramlarının “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası  üzrə təhsil alan tələbələri 6 fərqli komanda şəklində hazırladıqları 6 fərqli robotları döyüşdürüblər. Gərgin və maraqlı keçən mübarizənin sonunda III kurs tələbələrinin “Black Squad” robotu qalib gəlib. II və III yerləri isə “Technofeudalists”, “Hammerhead”, “Robevo” komandaları qazanıb.

 

Məlumat üçün bildirək ki,  bu məşhur yarış ilk dəfə 1990-cı illərin sonunda ABŞ-da keçirilib. Sonralar ABŞ-da “BattleBots” və Böyük Britaniyada “Robot wars” adları altında 10 ilə yaxın televiziya verlişi şəklində yayımlanıb. Robot əsrinə keçidlə bərabər yarışa olan maraq daha da artıb və müsabiqənin əhatə dairəsi getdikcə genişlənib. İlk Robot Olimpiadası 1990-cı ildə Şotlandiyanın Qlazqo şəhərində Turinq İnstitutu tərəfindən təşkil edilib və bir çox ölkə tərəfindən təqdim edilmiş robotlar döyüşdürülüb. Sonradan Atlanta, San-Fransisko, Hollandiya, Almaniya və s. ölkələrdə beynəlxalq yarış şəklində təşkil edilib. 2002-ci ildə ABŞ, Kanada və Braziliyada yarışın daha da beynəlmiləlləşdirilməsi üçün Robot Döyüş Liqası (Foundation of the Robot Fighting League - RFL) yaradılıb.

 

Qeyd edək ki, yarışın ölkə universitetləri içərisində ilk təşəbbüskarı ADNSU olub.