Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.

 

Belə ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı “20 Yanvar- Azadlığa gedən yolun zirvəsi”, “Vətən sevgisindən şəhidlik zirvəsinə”, “Azadlığın zirvə günü”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar, xüsusi dərslər təşkil edilib.

 

Tədbirlərdə BŞTİ rəhbərliyi, İdarənin əməkdaşları, təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

 

Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.

 

Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Üzərindən 34 il ötməsinə baxmayaraq bu tarix  xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq.  Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanmalı olduğu şagirdlərin diqqətinə çatdırılıb.

 

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.