Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+” proqramının “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi üzrə aparıcı universitetlər olan İspaniyanın San Antonio Katolik Universiteti və Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin nümayəndələri Azərbaycana səfəri çərçivəsində AzTU-nu ziyarət ediblər.

 

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər barədə ətraflı məlumat verib, “Erasmus+” kimi layihələrin ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində əhəmiyyətini vurğulayıb. Rektor sözügedən layihənin Azərbaycan ali təhsil müəssisələrində keyfiyyət təminatı sahəsində potensialın güclənməsinə töhfə verəcəyini bildirib.

 

Vittenborq Tətbiqi Elmlər Universitetinin prezidenti xanım Meqi Fanq təmsil etdiyi universitet barədə məlumat verərək tədris və tədqiqat yönümlü beynəlxalq layihələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın güclənməsindəki rolundan danışıb. Görüşdə AzTU və xarici universitetlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.