Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin əməkdaşları tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı zamanı istifadə ediləcək imtahan materiallarını yoxlayacaq markerlərə yazı tapşırığının qiymətləndirilmə meyarları ilə bağlı təlim keçirilib.

 

DİM-dən bildirilib ki, təlimdə həm onlayn, həm də əyani şəkildə 112-si yeni olmaqla, ümumilikdə 127 marker iştirak edib. 

 

Təlim zamanı DİM-in şöbə müdiri Könül Hacıyeva iştirakçılara meyarlar haqqında ümumi məlumat verib və şöbənin digər əməkdaşları mövzu ilə bağlı təqdimat nümayiş etdiriblər.

 

Əməkdaşlar magistratura səviyyəsinə qəbul imtahanında xarici dillər üzrə istifadə ediləcək yazı tapşırıqlarının qiymətləndirilmə meyarlarını markerlərə təqdim ediblər. Sonra meyarlara əsasən, qiymətləndirilmiş real imtahan yazı nümunələri markerlərə tədqim olunub və müvafiq izahatlar verilib. Təqdimat sonrası markerlər meyarlarla bağlı fikirlərini bölüşərək təkliflərini bildiriblər.

 

Məlumat üçün bildiririk ki, təlimdə iştirak etmiş markerlər üçün kalibrləmə prosesi təşkil olunub və bu prosesdən uğurla keçən mütəxəssislər qiymətləndirmə prosesinə cəlb olunacaqlar.