AMEA Rəyasət Heyəti və Dövlət İdarəçilik Akademiyası Elmi Şurasının birgə iclası keçirilib


AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elmi Şurasının birgə iclasında DİA-nın rektoru, AMEA-nın müşaviri, akademik Urxan Ələkbərov “İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə edib.

        

Akademik məruzəsində bildirib ki, ölkəmiz 2018-ci ildə inklüziv inkişaf sahəsində  dünyada yüksək mövqe qazanıb. Natiq bu uğurun kökündə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əiyevin yaradıcılıqla inkişaf etdirdiyi tərəqqiyə aparan strategiyanın dayandığına diqqət çəkib. O,  qeyd edib ki, Davos İqtisadi Forumunun dəyərləndirmələrinə görə, respublikamız keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yeri tutur. Onun sözlərinə görə, bu qrupdakı ölkələrin üstün iqtisadi imkanlarının olmasına baxmayaraq,  onlar arasında Azərbaycan Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan çox sayda dövlətlərdən irəlidədir: “Azərbaycanın inklüziv inkişaf indeksləri ABŞ, Yaponiya, İtaliya, İsrail, İspaniya, Portuqaliya, Türkiyə, Rusiya və başqa ölkələrin göstəricilərini üstələyir. Bu nailiyyət Azərbaycan Respublikasında iqtisadi, sosial və humanitar siyasətin ümumi inkişaf strategiyasının vacib istiqaməti olmasından xəbər verir”.

 

Akademik qeyd edib ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır: “Son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında ölkə Prezidenti İlham Əliyev tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır”.

 

Məruzə dinlənildikdən sonra AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən  respublikada tətbiq edilən və beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən idarəetmə texnologiyalarının tədqiqinin davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bundan başqa, qərarda elmi nəşrlərdə ölkənin inklüziv inkişaf sahəsində nailiyyətlərinin təhlili ilə bağlı multidissiplinar elmi tədqiqatların nəticələrinin dərc edilməsi, bu sahəyə dair ali məktəblər üçün xüsusi dərsliyin hazırlanması, orta məktəb proqramlarındakı müvafiq fənlər çərçivəsinə inklüziv inkişafa dair bilik və bacarıqlar aşılayan məlumatların daxil edilməsi və digər məsələlər yer alır.