Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının (ÇXR) Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.

 

Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU nəzdində Konfutsi İnstitutunun çinli direktoru Vanq Haoqianq, tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dekan müavini Kəmalə Nəcəfova, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı, dekan müavini Kənan Vəkilov, Renmin Universitetinin Biznes Məktəbinin MBA Proqram Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktoru Zhang Ying, Tarix məktəbinin arxeologiya və muzeyşünaslıq kafedrasının dosenti Chen Xiolu, Beynəlxalq mübadilə bürosunun direktor müavini Lin Yuan və əməkdaşı Lu Venqin iştirak ediblər.

 

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Həsənov görüşün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa daha da təkan verəcəyini bildirib. BDU-nun beynəlxalq əlaqələri, dünyanın qabaqcıl  ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları haqqında məlumat verən R.Həsənov Renmin Universiteti ilə əməkdaşlığın perspektivlərindən danışıb.

 

Tarix fakültəsinin dekanı İ.Zeynalov rəhbərlik etdiyi fakültə haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, fakültə fəaliyyət göstərdiyi 105 il ərzində çətin və şərəfli inkişaf yolu keçib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı L.Abışlı fakültədə ABŞ, İsveçrə və Qazaxıstanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarından bəhs edib. Fakültədə 7 kafedra tərəfindən iqtisadi və siyasi elmlər olmaqla, ali təhsilin bütün pillələri üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini deyib.

 

Dekan müavini Kənan Vəkilov fakültədə bakalavriat, magistratura və doktorantura səviyyələrində 4000-ə qədər tələbənin 35 ixtisas və ixtisaslaşma üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil aldığını deyib, həyata keçirilən elmi-tədqiqat işləri barəsində Renmin Universitetinin nümayəndələrini məlumatlandırıb.

 

Renmin Universitetinin nümayəndələri BDU ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu əlaqələrin Çin və Azərbaycan arasında mövcud münasibətlərin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

 

Görüşdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin biznesin təşkili və idarəedilməsi (MBA proqramı) ixtisaslaşması üzrə Renmin Universiteti ilə birgə ikili diplom proqramının həyata keçirilməsi, həmçinin tarix fakültəsində arxeologiya və etnoqrafiya kafedrası ilə birgə elmi-tədqiqat işlərinin aparılması, bu istiqamətdə ikili diplom proqramı layihəsinin yaradılması haqqında müzakirələr aparılıb.