Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla növbəti görüş keçirilib.
Ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti, 2023-2024-cü tədris ilinin I yarımilliyinin yekunlarına və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə kurasiyaların yaradılmasında əsas məqsədin idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması və peşəkar inkişafın təmin olunmasından ibarət olduğunu bildirib. Müdir müavini kurasiyaların ümumi fəaliyyəti, xüsusi halların tənzimlənməsi, zəruri təchizat məsələlərindən bəhs edib.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov siniflərin komplektləşdirilməsi, birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklər və dislokasiya ilə bağlı geniş məlumat veriblər.
BŞTİ-nin Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev sənəd dövriyyəsi və vətəndaş məmnunluğunun təmin olunması, elektron sənədləşmə qaydaları, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinqlərin keçirilməsi, yarımillik hesabatların hazırlanması və məktəbdaxili qiymətləndirmənin, xüsusilə böyük summativ qiymətləndirmələrin təşkili və digər məsələlərə toxunublar.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, 6-14 məktəb direktorundan ibarət olmaqla 28 kurasiya fəaliyyət göstərir.