Yanvarın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istilik təminatı ilə bağlı mediatur çərçivəsində BŞTİ-nin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri paytaxtdakı 5 nömrəli tam orta məktəbdə və 174 nömrəli körpələr evi-uşaq bağçasında olublar.
Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, hazırda Bakıdakı təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur:”Ümumilikdə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 248-i mərkəzi qaydada, 428-i isə fərdi qazanxana və qurğular hesabına istiliklə təmin edilib”.
Sektor müdiri Bakı şəhərindəki təhsil müəssisələrinin istiliklə təchiz edilməsi məsələsinin havaların soyuması ilə daha da aktuallaşdığını və məktəblərin istiliklə təminatına diqqətin artırıldığını söyləyib: "İstiliklə təminat məsələsində qarşıya çıxan məsələlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb, hər il olduğu kimi, bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb".
S.Mahmudov, həmçinin BŞTİ tərəfindən sentyabr ayında “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirildiyini, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlər təşkil olunduğunu diqqətə çatdırıb.
Mediatur çərçivəsində iştirakçılar məktəbin fərdi qazanxanasında da olublar. Ocaqçı Soltan Salmanzadə qazanxananın iş prinsipi barədə ətraflı məlumat verib. Bildirib ki, istilik dərəcəsini havaların soyuq olması ilə tənzimləyir: “Mən həmişə binalarda istilik batareyalarına baxıram. Sistemdə və kranlarda sızma və digər hallar olduqda dərhal aradan qaldırıram. İstilik dərəcəsini havalar daha da soyuq olanda artırıram. Temperatur hazırda 75 dərəcədədir”.
Yaranan məqamdan istifadə edib 5 nömrəli tam orta məktəbin şagirdləri ilə təhsil ocagının istiliyinə dair fikirlərini öyrəndik.
Ayan Həsənli: “Gördüyünüz kimi məktəbimizdə istiliklə bağlı heç bir problem yoxdur. Sinif otaqlarımız və dəhlizlərdə istilik eyni dərəcədə olur”.
Nəzrin Loğmanzadə:”İsti sinif otaqlarına girəndə çox sevinirik. Çöldə havalar çox soyuq keçir. Məktəbimizdə istiliyin yaxşı olması hamı kimi məni də məmnun edir”.
Rəşad ZİYADOV