Üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyeva mentorları olan gənclər və idman naziri Fərid Qayıbovla Siyəzən, Xaçmaz və Quba rayonlarında səfərdə olublar.
Səfər zamanı Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyevanı üçüncü “Yüksəliş” müsabiqəsində qalib olmaları münasibətilə təbrik edən nazir Fərid Qayıbov onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Nazir müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri kimi F.Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin Mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.