Süni intellektin gələcək inkişafı iş yerlərinin sayının azalmasına, eləcə də dünyada qeyri-bərabərliyin güclənməsinə gətirib çıxara bilər.
Bu məlumatı Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva maliyyə strukturunun saytında yerləşən bloqunda paylaşıb.
“Süni intellekt bütün dünyada iş yerlərinin təxminən 40 faizinə toxunmaqla, bəzilərini əvəz edəcək, digərlərini tamamlayacaq. Bizə siyasi tədbirlərin düşünülmüş balansı lazımdır ki, onun potensialından istifadə edə bilək. Biz texnoloji inqilabın astanasındayıq, bu inqilab əmək məhsuldarlığına təkan verə, dünya iqtisadi artımını sürətləndirə və bütün dünyada gəlirləri artıra bilər”, - deyə Georgiyeva vurğulayıb.
Onun sözlərinə görə, süni intellektin inkişafının dünya iqtisadiyyatına təsirini proqnozlaşdırmaq çətindir, çünki bu, mürəkkəb şəkildə baş verəcək. “Nəticələr sarsıdıcıdır: dünyada məşğulluğun təxminən 40 faizi süni intellektin təsirinə məruz qalıb”, - deyə fond rəhbəri əlavə edib. Süni intellektin yüksəkixtisaslı iş yerlərinə təsir etməsi ilə bağlı Georgiyeva bildirib ki, inkişaf etmiş iqtisadiyyata malik ölkələr böyük risklərlə, eləcə də bazarın formalaşdığı ölkələr və inkişaf etməkdə olan ölkələrlə müqayisədə böyük imkanlarla qarşılaşırlar.
Fondun dəyərləndirməsinə görə, əmək gəlirlərinə təsir bir çox hallarda süni intellektin yüksək gəlirli işçilərə necə kömək etməsindən asılı olacaq. “Əgər süni intellekt yüksək gəlirə malik işçilərin əməyini əhəmiyyətli şəkildə yüngülləşdirərsə, bu, onların əmək gəlirlərinin qeyri-proporsional artmasına gətirib çıxara bilər. Bundan başqa, süni intellekti tətbiq edən şirkətlərdə əmək məhsuldarlığının artımı kapitalın gəlirliyinin yüksəlməsi ilə nəticələnə bilər. Bu isə yüksək gəliri olan işçilərə şərait yarada bilər”, - deyə BVF-nin başçısı qeyd edib.
O əlavə edib ki, belə vəziyyət dünyada qeyri-bərabərliyi gücləndirə bilər.
Azərtac