Paytaxt məktəbində Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.
Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəb və F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, millət vəkili Könül Nurullayeva, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova, Türkiyədən 20 şəhid ailəsinin nümayəndəsi, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Öncə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, məktəbin həyətində Milli Qəhrəman Yuri Kovalyov və şəhidlərin abidəsi önünə tər çiçəklər düzüblər.
Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Vüsalə Məmmədova və F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildiriblər.
Tədbirdə çıxış edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib.
20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran Mehriban Vəliyeva xalqımızın şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərilməsindən bəhs edib.
Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunan M.Vəliyeva hər iki ölkə arasındakı münasibətlərin tarixi köklərə dayandığını söyləyib və Vətən Müharibəsinin ilk dəqiqələrindən Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyini xatırladıb.
Ən uca məqama-şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının döyüş yolunun, göstərdikləri şücaətin hər bir gəncə örnək olduğunu deyən M.Vəliyeva Azərbaycan və Türkiyə torpaqlarının bütövlüyü uğrunda canını qurban verən qəhrəmanların heç zaman unudulmayacağını, xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib.
Tədbirdə çıxış edən millət vəkili Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycan və Türkiyədə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduqlarını, şəhid əmanətlərinin hər zaman dəyərli olduğunu ifadə ediblər.
Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyədən olan şəhid ailələri nümayəndə heyətinin rəhbəri, qazi Metin Şenol çıxış edərək şəhidlərin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.