Dövlət İmtahan Mərkəzinin (DİM) məsul əməkdaşları tərəfindən cari ildəki  imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək yeni cəlb olunmuş qadın əməkdaşlarla nəzəri və praktik təlimlər keçirilir.

 

DİM-dən bildirilib ki, Bakı, Sumqayıt və Abşeron üzrə 10-12 yanvar 2024-cü il tarixləri arasında keçirilən təlimlərdə ilk dəfə elektron qaydada qeydiyyatdan keçən və müsahibə mərhələsində uğur qazanan 185 nəfər iştirak edib.

 

20-25 nəfərlik qruplarla keçirilən təlimlər:

  • bazaya yeni cəlb olunmuş əməkdaşların fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;
  • onlara təhlükəsizlik tədbirləri və buraxılış rejiminin gedişi ilə bağlı prosedur qaydaları izah etmək;
  • imtahan iştirakçıları ilə münasibətlərin və etik davranış qaydalarının tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;
  • buraxılış prosesində rast gəlinəcək problemlərin həll yollarını müzakirə etmək;
  • xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq
  • yoxlama prosesini praktiki formada mənimsətmək məqsədilə keçirilir.  

 

Hazırda digər şəhər və rayonlar üzrə təlimlərin keçirilməsi davam etdirilir.

 

Qeyd edək ki, yeni qeydiyyatdan keçmiş xanımlarla yanaşı, “Buraxılış rejimini aparan əməkdaş” elektron sistemində olan ölkə üzrə ümumilikdə 2407 nəfərin anket məlumatları dəqiqləşdirilib. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər əməkdaşlar üçün də təlimlər keçiriləcək.