Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) Abşeron Təcrübə Stansiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. 

 

Memorandumu ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Abşeron Təcrübə Stansiyasının direktoru dosent Cəbrayıl Ağayev imzalayıblar.

 

Universitetdə baş tutan görüşdə kimya və biologiya fakültəsinin dekanı Reyhan Ağayeva, dekan müavini Bəsti Əsədova, biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri Anaxanım Yusifova və kafedranın dosenti Əliyənnağı Məhərrəmov iştirak ediblər.
Memorandum tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, tələbə və magistrantların tədqiqatçılıq və peşə fəaliyyətlərinin inkişafı üçün yeni imkanların yaradılması, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi ilə birgə elmi tədqiqatların aparılması əməkdaşlığın başlıca məqsədlərindəndir.