Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024”də iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib.
Ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahələrində fəaliyyətidir.
Qeyd edək ki, cari ilin iyun ayında Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan ediləcək.