Azərbaycan Texnologiya Universitetində (UTECA) əsası yeni qoyulmuş İctimai Şuranın (İŞ) ilk iclası keçirilib. İclasda UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov İctimai Şuranın universitetin gələcək fəaliyyətində rolunun əhəmiyyətindən danışıb.
İclasda 9 nəfərdən ibarət İŞ üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov, Kəpəz TV-nin baş direktoru Fuad Cabarov, “Xalq Qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İctimai Birliyinin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov iştirak ediblər.
İclas zamanı şuranın əsasnaməsi təqdim edilib, daha sonra üzvlərin səsverməsi ilə akademik Fuad Əliyev İctimai Şuranın sədri seçilib. Şuranın fəaliyyət planına uyğun olaraq üzvlər 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.
Tələbələrin diqqətinin yayınmaması üçün İŞ üzvləri imtahan prosesini onlar üçün ayrılmış otaqda monitorlar vasitəsi ilə izləyiblər.
Qeyd edək ki, İctimai Şura ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncədəki universitetlər arasında ilk dəfə UTECA-da yaradılıb.