“PAŞA Holding" MMC-nin baş icraçı direktorunun müavini Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Camal Nağıyev və Xanbaba Sultanlı ilə görüşüb.
Layihənin idarəçi rəhbərlərindən biri kimi R.Allahverdiyev müsabiqə qalibləri ilə birillik fərdi inkişaf planının nəticələrini müzakirə edib və qaliblərin peşəkar bacarıqlarının gələcəkdə daha da artırılması istiqamətində tövsiyələr verib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində "PAŞA Holding"in baş icraçı direktorunun müavini ilə tanışlıq imkanına və bu müddət ərzində göstərilmiş dəstəyə görə R.Allahverdiyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.