Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib. Forum "Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirə etmək, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub. 2 saat müddətində davam edən Forumda hər üç müsabiqənin qalibləri, yarımfinal və final iştirakçıları yer alıb. Forum 7 nəfər qalibin çıxışları ilə “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələrinə həsr olunub.

 

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldənə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.

 

Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, bu sahələr arasında hüquqi tənzimləmələrin aparılması, hüquq sahəsində elektron sistemlərin tətbiqi, sahibkarlıq və kənd təsərrüfatı sahəsində subsidiyalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunması, sosial sahədə inkişaf perspektivləri, "sosial lift" proyektlərinin önəmli rolu mövzularına toxunulub. Bu mövzular ətrafında müasir tələblərə cavab verən rəqabətli insan kapitalına ölkənin bütün sahələrində olan ehtiyacın vacibliyi vurğulanıb.

 

Bundan əlavə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Vətən müharibəsinin iştirakçısı Fərrux Məhərrəmli dövlət tərəfindən müharibə iştirakçılarına yaradılan imkanlardan, insan amilinə ölkəmizdə verilən yüksək dəyərdən, məqsədlərinə və hədəflərinə nail olan Azərbaycan xalqının nümayəndələri olaraq ərazi bütövlüyümüzü bərpa etdikdən sonra daha böyük uğurlara imza atacağımıza olan inamından bəhs edib.

 

“Yüksəliş” müsabiqəsi iştirakçıları Forumun sonunda Prezident İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər.

 

Bəyanatda bildirilib ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunması uğurla davam etdirilib və Azərbaycan ötən illər ərzində tarixi nailiyyətlərə imza atıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib…

 

“Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycanın müstəqilliyini qorumaq və onun davamlı inkişafını təmin etmək üçün ölkənin yeni nəsil peşəkarlarını bir araya gətirərək onlar arasında peşəkar əlaqələrin möhkəmlənməsinin təmin edilməsi zərurətini və məsuliyyətini anladıqlarını, bu məsuliyyətlə ölkənin milli, tarixi və gələcək maraqlarına cavab verən proseslərdə daha da yaxından iştirak edərək töhfə verməyə hazır olduqlarını bildiriblər. Onlar  qalib ölkənin qalib vətəndaşları olaraq regionda yeni reallıqlar yaratmış lider - müstəqil, qüdrətli, firavan Azərbaycanın Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bəyan ediblər.