Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi təltif edilib.

 

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbir iştirakçılarını salamlayan Mehriban Vəliyeva cəmiyyətin aparıcı qüvvəsi olan, nüfuzu ilə fərqlənən təhsil işçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Milli birliyin ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olduğunu qeyd edən M.Vəliyeva təhsilimizin daha böyük uğurlar əldə etməsi üçün məktəblə, müəllimlərlə bərabər cəmiyyətin hər bir üzvünün vətəndaş həmrəyliyi nümayiş etdirməli olduğunu vurğulayıb.   

 

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim olunub.