Bakı Mühəndislik Universitetində (BMU) Elm və innovasiya məsələləri üzrə prorektorluğun, Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərən “Pi Klubu”nun təşkilatçılığı ilə “Qış Elm Festivalı” keçirilib.
Gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, elmə qarşı maraq yaratmaq məqsədi daşıyan festivalda 100-dən artıq müxtəlif istiqamətli əyləncəli və elmi layihələrin sərgisi nümayiş olunub. Layihələrin hər biri ilə yaxından tanış olan BMU-nun rektoru Yaqub Piriyev gənclərlə səmimi söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra festival qaliblərinin mükafatlandırlılma mərasimi təşkil olunub. Tədbirdə çıxış edən rektor Y.Piriyev festivala universitet və orta məktəblərin komandaları tərəfindən maraqlı layihələrin tədqim olunduğunu önə çəkib və bu qəbildən olan elmi tədbirlərin önəmindən söz açıb. Rektor təhsilalanlar arasında müasir elmi biliklərin təbliği, şagird və tələbələrin elmi fəaliyyətə marağının gücləndirilməsi, onların elmə cəlb edilməsi məsələlərinin vacibliyini vurğulayıb.
Ali təhsil müəssisəsinin rəhbəri çıxışının sonunda festival iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara ən xoş diləklərini ünvanlayıb.
BMU-nun pedaqoji fakültəsinin riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov (Qüdsi) isə festivala təqdim olunan layihələr və iştirakçılar haqda ətraflı məlumat verib. Qeyd edib ki, festivala BMU ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsili Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti (SDU), Elitar Gimnaziya, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi, Xırdalan şəhər 2, 5 və 8 nömrəli tam orta məktəblərin şagird və tələbələri qatılıb.
“Qış Elm Festivalı"na fənlərarası və fəndaxili inteqrasiyanı özündə əks etdirən, elmi və əyləncəli xarakterli 100-dən çox riyaziyyat layihələri, kimya (5 layihə), fizika (5 layihə) və bilogiya (5 layihə) fənləri üzrə hazırlanmış inteqrasiyalı layihələr təqdim olunub. Layihələr münsiflər heyəti üzvləri tərəfindən dəyərləndirilib. Nəticələrə əsasən, İZİA-nın Peşə Təhsili Mərkəzinin tələbələri Vüsal Abbasov, Yusif Şıxəliyev, Rəvan Əliyev, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Fərid İsayev və Xırdalan şəhər 2 saylı tam orta məktəbin şagirdi Nurlan Rzayev “Elm festivalı”nın qalibləri (I yer) olublar.
II yeri SDU-nun tələbələri - İlahə Nəcəfova, Asim Kərimov, Xırdalan şəhər 2 saylı tam orta məktəbin şagirdləri - Zeynəb və Həsən Orucov və Elitar Gimnaziyanın şagirdləri Fidan Əlizadə, Zəhra İsmayılzadə tutub.
III yerin qalibləri isə SDU-nun tələbələri – Elvin Qasımlı, Adilə Mustafayeva, Xırdalan şəhər 2 saylı tam orta məktəbin şagirdi Murad Məmmədzadə, Xırdalan şəhər 8 saylı tam orta məktəbin şagirdi Məhruzə Musayeva olub.
Bundan başqa, Xırdalan şəhər 8 saylı tam orta məktəbin VI sinif şagirdi Zəhra Musayeva, Xırdalan şəhər 5 saylı tam orta məktəbin VI sinif şagirdi Ömər Heydərli, BMU-nun “Kompüter elmləri” ixtisasının II tələbələri Cəsur Eynullayev, Mehdi Əsədov, Kooperasiya Universitetinin tələbəsi Nəcmin Əliyev fəal iştiraklarına görə sertifikatla təltif olunublar
Tədbir qaliblərin mükafatlandırılması, sertifikat və medalların təqdim olunması ilə başa çatıb.