Dekabrın 22-də “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) 30 illik yubileyi münasibətilə assosiasiyanın VII qurultayının açılış mərasimi keçirilib. Qurultay ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

 

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Ardınca “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov çıxış edərək assosiasiyanın fəaliyyəti barədə danışıb. Fuad Məmmədov bildirib ki, assosiasiya tərəfindən innovativ mədəniyyət konsepsiyaları hazırlanıb, Azərbaycanda və xaricdə 300-dən çox elmi-maarifləndirici layihələr, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirilib. 

 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri Nizami Cəfərov, Fazil Mustafa, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digər qonaqlar çıxış edərək assosiasiyanın təsisçi və üzvlərini yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Tədbirdə assosiasiyanın ən fəal azərbaycanlı və xarici üzvlərinə medallar, diplom və təşəkkürnamələr verilib. Bununla yanaşı, Xalq rəssamı Ömər Eldarova “Simurq” AMA-nın rəmzi olan simurq quşu heykəli təqdim edilib. 

 

Qurultayda həmçinin “Simurq” AMA-nın yubileyinə həsr olunmuş film nümayiş etdirilib və monoqrafiya təqdim olunub.