Məqsədimiz heç də məktəb kitabxanalarının iş prinsipini önə çəkib qiymətləndirmək deyil. Sadəcə burada dərsliklərin saxlanma vəziyyəti ilə yaxından tanış olmaqdır. Elə bu niyyətlə də paytaxtın 49 nömrəli “İntellekt”, 62 nömrəli məktəb-lisey, 61 və 214 nömrəli tam orta məktəblərinə yolumuzu saldıq.
49 nömrəli “İntelekt” məktəb-liseyin kitabxana müdiri Mərziyə Cəfərova və kitabxanaçı Günay Həsənova ilə birlikdə kitabxananın işi ilə tanış olduq. Mərziyə Cəfərova 30 ildir ki, bu vəzifədə çalışır. O, məlumat verdi ki, kitabxanada saxlanılan dərsliklərin sayı 29.349 ədəddir. Cari tədris ilində kitabxanaya şagirdlər üçün 6.960 ədəd təzə dərslik verilib. Kitabların saxlanma vəziyyəti ilə əlaqədar siniflərə də baş çəkdik. Məktəb rəhbərliyi tərəfindən dərsliklərin qorunub saxlanması üçün lazımi tədbirlər görülüb, şagirdlərin istifadə etdikləri kitablara qarşı diqqətli olmaları nəzarətdə saxlanılır.
9 b sinif şagirdləri Mənzər Quluzadə və Nazlı Lətifova kitab haqqında öyrəndiklərini, eşitdiklərini, oxuduqlarını bizimlə bölüşdülər. Onlar kitabları təmiz, səliqəli saxlamağın, qorumağın hər bir şagirdin vəzifəsi olduğunu yaxşı anlayır və insanın ən yaxın dostu olduğu qənaətindədirlər. Kitabı cırmaq, tullamaq, yandırmaq bağışlanmazdır deyirlər.
Paytaxtın 61 nömrəli tam orta məktəbinin kitabxanasında dərsliklərin sayı 31.207 ədəddir. 5.876 ədəd dərslik bu il məktəbə verilib. Şagirdlərin dərslik təminatı tam ödənilib. Kitabxana müdiri Ziyafət Əmirovanın sözlərinə görə, təhsil müəssisəsinin fəaliyyət planına uyğun olaraq şagirdlərlə birgə məktəb üzrə dərsliklərin təmiz və səliqəli saxlanılması ilə əlaqədar monitorinq keçirilib. Məqsəd dərslik fondunun yaxşı saxlanılmasına nəzarətin gücləndirilməsi üçün sinif rəhbərləri və şagirdləri maarifləndirmək olub.
Qeyd olundu ki, 6, 7, 8-ci siniflərdə əmək dərslərində kitabların səliqəli saxlanmasında şagirdlərin köməyindən istifadə olunur. Məktəbdə “Kitab dostları”,“Kitablara yardım”, “Kitabsevərlər”,“Cildçilik”, “Cildçilər” dərnəkləri fəaliyyət göstərir. Şagirdlərdən Ayşən Yusifova, Niyazi Qəribli bu dərnəklərin fəal üzvləridirlər.
62 nömrəli məktəb-liseyin kitabxana müdiri Tamella Məmmədova və kitabxanaçı Tuzala Musayeva ilə birlikdə kitabxanada və sinif otaqlarında müşahidə apardıq. Kitabxana müdiri qeyd etdi ki, məktəbdə ümumi dərsliklərin sayı 33.689 ədəddir. Cari tədris ilində isə şagirdlərin istifadəsinə 5.531 ədəd təzə dərslik verilib.
Sonra sinif otaqlarında şagirdlərin istifadə etdikləri kitablara baxış keçirtdik. Kitabları səliqəsiz saxlayan bəzi şagirdlər aşkarlansa da, dərsliklərin təmiz və səliqəli saxlanması ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən xüsusi nəzarət mexanizminin tətbiq olunduğu bildirildi.
Şagirdlərdən Uğur Seyidli və Omar Abbaslı hər şeyi kitabdan öyrəndiklərini söylədilər: “Hər il bizə kitablar pulsuz verilir. Yaxşı oxumalı, vətənimizə sədaqətli övlad olmalıyıq. Buna görə də dövlətimizə borcluyuq!”
“Hər birimiz kitablarla dost olmalı və kitablara sevgi ilə yanaşmalıyıq” deyən şagirdlərə dərsliklərin istifadəsi zamanı onların düzgün saxlanılması və istifadə olunması haqqında tövsiyələr verildi.
Sonda cildli və səliqəli saxlanılmış dərsliklər siniflər üzrə açıqlandı.
214 nömrəli tam orta məktəbin kitabxanasında da müşahidələrimizi etdik. Kitabxana müdiri Laçın Qurbanova və kitabxanaçı Mehriban Əliyeva ilə birlikdə dərsliklərin necə saxlanmasını bilmək üçün ayrı-ayrı siniflərdə olduq.
Kitabxana müdiri bildirdi ki, məktəbdə ümumi dərslik fondu 58.985 ədəddir. Cari dərs ilində məktəb 8.620 ədəd dərsliklə təmin olunub. Şagirdlərin dərsliklərlə təminatı tam ödənilib.
Dərsliklərin səliqəli və təmiz saxlanması daimi nəzarətdə olsa da, siniflərdə kitabın içini yazan və səliqəsiz saxlayan bəzi şagirdlərə də rast gəldik. Onlar şagird məsuliyyətinin vacibliyi və kitabların 4-5 il istifadə müddətində səliqəli saxlanılması barədə maarifləndirildilər.
Bir sözlə, məktəblərdə dərslik kitablarının təmiz və səliqəli saxlanması vəziyyətini öyrənmək üçün aparılan araşdırmamız göstərdi ki, bu istiqamətdə xeyli işin görülməsinə baxmayaraq, bəzi nöqsanlar da mövcuddur.
Deməliyik ki, hər il Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlərə pulsuz paylanan dərsliklərə biganəlik yolverilməzdir. Məktəb kitabxanalarında saxlanılan dərsliklər həmişə diqqət mərkəzində olmalı və daim qorunmalıdır.
Şakir CƏFƏROV