Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanmış 6 kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri və tanınmış ziyalılar iştirak ediblər.
Tədbirdə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın “Baxış bucağı: Heydər Əliyev və strateji azərbaycançılıq”, professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, filologiya fakültəsinin dekanı dosent əvəzi Könül Həsənova və dosent Nazilə Abdullazadənin “Zəkanın və milli yaddaşın təntənəsi” (Azərbaycan və ingilis dillərində), professor Təyyar Salamoğlu və dosent Razim Məmmədovun “Ümummilli Liderin ədəbiyyat strategiyası”, professor Təyyar Salamoğlunun “Ədəbiyyat və siyasət” və professor Elman Quliyevin “Haydar Aliyev ve türk dünyası” (türk dilində) kitabları təqdim olunub.
Professor Mahirə Hüseynovanın moderatorluğu ilə keçirilən təqdimat mərasimində çıxış edənlərdən ADPU-nun rektoru professor Cəfər Cəfərov, millət vəkilləri Məlahət İbrahimqızı, Şahin İsmayılov, Naqif Həmzəyev, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, müəlliflər və digərləri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabların əhəmiyyətindən, hazırlanan əsərlərdə elmi tədqiqata cəlb olunan əsas məsələlərdən söz açaraq ADPU-nun filologiya fakültəsinin kollektivinə təşəkkürlərini bildirib və bu əsərləri ali məktəblərdə Heydər Əliyev irsinin tədqiqi işinə dəyərli töhfə kimi qiymətləndiriblər.