Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev çay süfrəsi arxasında ali təhsil ocağının fəal tələbələri ilə görüşüb.

 

Rektor tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

 

Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimad və qayğını vurğulayan Y.Piriyev dövlət tərəfindən yeni nəslin Vətənə bağlı, dövlətçiliyə sadiq, milli ruhda yetişdirilməsi üçün görülən işləri nəzərə çatdırıb. Rektor müasir gəncliyin hərtərəfli inkişafı, o cümlədən onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakı məqsədilə yaradılan geniş imkanlardan söz açıb.

 

Söhbət zamanı BMU tələbələrinin müxtəlif layihə və tədbirlərin icrasında fəallığını, təşəbbüskarlığını yüksək qiymətləndirən Y.Piriyev istedadlı və yaradıcı tələbələrin aşkar edilməsi, intellektual potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, onları narahat edən bütün məsələlərin hər zaman diqqətdə saxlanıldığını vurğulaylb.

 

Səmimi atmosferdə keçən görüşdə rektor gənclərin təkliflərini dinləyib, suallarını cavablandırıb və onlar tərəfindən irəli sürülən təşəbbüslərin, ideyaların bundan sonra da universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirib.