Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə İdarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

 

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 83 nömrəli məktəb-lisey, Sabunçu rayonu üzrə 90, Xətai rayonu üzrə 86, Nərimanov rayonu üzrə 39, Pirallahı rayonu üzrə 168, Qaradağ rayonu üzrə 228, Suraxanı rayonu üzrə 76, Xəzər rayonu üzrə 156, Nəsimi rayonu üzrə 46, Nizami rayonu üzrə 272, Səbail rayonu üzrə 203, Yasamal rayonu üzrə 175 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

 

Tədbirdə çıxış edən Anar Məmmədov qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir. A.Məmmədov məktəb saytlarını ümumi təhsil müəssisələrinin fəaliyyətinin güzgüsü adlandırıb.

 

İdarənin müdir müavini ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas götürüldüyünü vurğulayıb.

 

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

 

Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplomla mükafatlandırılıb.

 

Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində qaliblər hər tədris ili üzrə bir dəfə seçilir.