Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqə keçirilib.

 

Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının, Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA), Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin hüquq fakültələrinin tələbələrinin komandası yarışıb. Müsabiqədə DİA-nı siyasi idarəetmə fakültəsinin “Hüquqşünaslıq” ixtisasının III kurs tələbələri Tamara Ağarzayeva, Anar Hüseynli, Leyla İbrahimli, Ləman Nadirova və Fidan Paşayeva təmsil edib.

 

DİA-nın komandası 41 bal ilə 9 komanda arasında ikinci yerdə qərarlaşaraq növbəti mərhələyə keçib.

 

Müsabiqənin final yarışı dekabrın 23-də təşkil ediləcək.