Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Qonaqlar əvvəlcə universitetin inzibati binasında Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yeni açılan büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra ali məktəbin kampusu ilə tanış olan nazirlik əməkdaşları BMU-nun Texnoparkı, Mexanika laboratoriyası, həmçinin Qızlar yataqxanasına gələrək, tələbələrlə söhbət edib, mövcud şəraitlə yaxından maraqlanıblar.
Universitet ilə tanışlıq zamanı BMU-nun rektoru Yaqub Piriyev qonaqlara təhsil müəssisəsinin maddi-texniki bazası, mövcud infrastrukturu barədə ətraflı məlumat verib.
Rektor fərqli ixtisaslar üzrə müxtəlif təyinatlı laboratoriyalar, burada nəzəri biliklərin təcrübədə tətbiqinə imkan verən tədqiqatların aparılması, eyni zamanda universitetin Texnoparkında innovativ təşəbbüslərin reallaşdırılması məqsədilə həyata keçiriləcək planlardan söz açıb. Universitetin tələbə yataqxana kompleksi haqda da nazirlik nümayəndələrini ətraflı məlumatlandıran Y.Piriyev tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün görülən işləri diqqətə çatdırıb.