Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb.

 

Görüşdə, həmçinin tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

 

Qeyd edək ki, Pedaqoji Universitetin 3 tələbəsi - riyaziyyat fakültəsinin II kurs tələbəsi Zümrüd Tağızadə, SABAH qruplarının IV kurs tələbəsi Nuray Məmmədova və ibtidai təhsil fakültəsinin IV kurs tələbəsi Ləman Rzazadə  "Heydər Əliyev adına təqaüd"ə layiq görülüblər. İlk dəfə təqdim edilən və 3000 AZN dəyərindəki bu təqaüd ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 nəfər tələbəyə birdəfəlik qaydada verilib.

 

Rektor C.Cəfərov vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan bu mötəbər mükafata layiq görülmələri universitetin və onların həyatında əlamətdar hadisədir. Eyni zamanda, bu yüksək mükafat tələbələri yeni-yeni nailiyyətlər əldə etməyə, ixtisaslarının dərinliklərini və innovativ yanaşmaları mənimsəmək və tətbiq etmək yolunda durmadan çalışmağa sövq edən motivasiya mənbəyidir.

 

Bildirilib ki, elmin və təhsilin inkişafı, gənclərin hər bir sahədə dəstəklənməsi bu gün Prezident İlham Əliyev tərəfindən icra olunan dayanıqlı inkişaf siyasətinin əsas xətlərindəndir.

 

Təqaüdə layiq görülən tələbələr öz təəssüratlarını bölüşərək onların əməyinə verilən bu ali dəyərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə edib,  elm və təhsilimizin inkişafına töhfə vermək üçün əzmlə çalışacaqlarını, onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.