Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Rektor professor Ədalət Muradovun və struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə İTÜ-nün nümayəndə heyətinə UNEC-dəki ixtisaslar, ikili diplom proqramları, beynəlxalq reytinq, ixtisaslaşmış laboratoriyalar və s. barədə ətraflı məlumat verilib. Sonra hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Görüşdə UNEC ilə İTÜ-nün beynəlxalq reytinqlərdə mövqelərinin daha da yüksəldilməsi, ortaq diplom proqramlarının həyata keçirilməsi, mühəndislik, informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssis hazırlığı, müəllim-tələbə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.