Paytaxtdakı 239 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və uşaq hüquqları” mövzusunda görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, BŞTİ-nin və Ombudsman Aparatının nümayəndələri, məktəbin direktoru Nisə Fərəcova, müəllimlər, şagirdlər iştirak ediblər.
Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Görüş ulu öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
239 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova qonaqlara görüşün əhəmiyyəti barədə məlumat verib. Məktəb direktoru Heydər Əliyevin zəngin irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsman Səbinə Əliyeva Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edən zamanlarda ailə və uşaq problemlərinin həllinə böyük diqqət yetirdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, Ümummilli Liderin uşaqlara qayğısının nəticəsidir ki, Vətənə layiqli övladlar yetişir. S.Əliyeva hər bir şagirdin öz hüquq, vəzifə və öhdəliklərini bilməsinin vacibliyindən söz açıb, şagirdlərin bu istiqamətdə məlumatlılıq səviyyəsinin artırılmasının zəruri olduğunu bildirib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, onun uşaqlarla bağlı maraqlı xatirələrindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm bir hissəsini bu məsələyə yönəldib.
M.Vəliyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uşaq hüquqlarının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.
Daha sonra Heydər Əliyev və uşaq hüquqlarından bəhs edən videoçarx nümayiş olunub.
Məktəbin müəllimi Fəridə İbrahimova və şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonra uşaq hüquqlarının müdafiəsi ilə bağlı şagirdlərin hazırladıqları səhnəcik nümayiş olunub.