Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ilə görüşüb.

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə peşə təhsilinin daha da inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımlara diqqət çəkən rektor peşə təhsilinin prioritet istiqamət kimi müəyyən olunduğunu deyib. Y. Piriyev paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni, müasir tələblərə cavab verən peşə təhsili müəssisələrinin qurulduğunu bildirib. Milli iqtisadiyyatın əsas sektorları üzrə kadr hazırlığında ali təhsil müəssisələri ilə yanaşı, peşə məktəblərinin də üzərinə müvafiq vəzifə və öhdəliklərin düşdüyünü söyləyən rektor bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərin təmin edilməsi üçün təhsilin müvafiq pillələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

BMU-nun Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu deyən Y.Piriyev müasir maddi-texniki bazaya malik universitetdə əlaqələrin genişləndirilməsi üçün hər cür potensialın olduğunu ifadə edib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə hazırlığında keyfiyyətin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələri önə çəkib. Bəzi peşə sahələri üzrə elmi dəstəyə ehtiyacın olduğunu bildirən direktor bu baxımdan BMU ilə əməkdaşlığın qarşılıqlı faydalar verəcəyinə ümidvar olduğunu söyləyib və səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. C.Kərəmov, həmçinin peşə inkişafı proqramlarının yaradılması, peşə təhsili və təlimi ilə bağlı prioritetlərdən danışıb, xüsusilə də subbakalavr dərəcəsi verən yüksək texniki peşə təhsili kontekstində vacibliyinə diqqət çəkib.

 

Sonra təhsilin ali pilləsi ilə peşə təhsili ixtisaslarında qarşılıqlı maraq yaradan məqamlarla bağlı geniş müzakirələr aparılıb.

 

Müzakirələrdən sonra BMU ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.