Azərbaycan müəllimlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında Bakı Mühəndislik Universitetinin (BMU) təhsildə yüksək nailiyyətlər göstərən  tələbələrinə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

 

Təqaüdə layiq görülən Zəhra Quliyeva universitetin “Riyaziyyat və informatika müəllimliyi”, Mais Şabanov “Kompüter mühəndisliyi”, Murad İbrahimov isə “İnformasiya texnologiyaları” ixtisasının tələbələridir.

 

Qurultayda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis  edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan ümumilikdə 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim edilib. 

 

Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.