Bakı Dövlət Universitetinin (BDU) sosial elmlər və psixologiya, tarix, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin əməkdaşları ilə Rusiyanın Ural Federal Universitetinin (UrFU) nümayəndələri arasında görüş keçirilib.

 

Görüşün məqsədi birgə elmi tədqiqatlar, elmi tədbirlərin təşkili və ixtisasartırma proqramları çərçivəsində BDU ilə UrFU arasında əməkdaşlığı inkişaf etdirməkdir.

 

Görüşdə Ural Federal Universitetinin pedaqogika və təhsil psixologiyası kafedrasının dosenti, psixologiya kafedrasının Yenidənhazırlanma, ixtisasartırma və əlavə təhsil mərkəzinin direktoru, psixologiya elmləri namizədi Rüstəm Müslümov müəllim və tələbələr qarşısında “Koqnitiv-davranış terapiyası” mövzusunda məruzə edib.

 

Ural Federal Universitetinin Ural Humanitar İnstitutunun Elm və innovativ işin təşkili şöbəsinin müdiri Yuliya Zapariy tarix sahəsində aparılan tədqiqatlarla görüş iştirakçılarını tanış edib.

 

UrFU-nun psixologiya fakültəsinin dekanı, pedaqogika və təhsil psixologiyası kafedrasının müdiri, dosent Anna Peçerkina psixologiyanın elmi-nəzəri və tətbiqi məsələləri, inklüzivlik psixologiyası, xüsusən də sensor-münbit təhsil mühitinin yaradılması, peşəkar inkişaf psixologiyası sahəsində tədqiqatların aparılması, müəllimin aktiv peşə uzunömürlülüyü, müəllim peşəsini itirmə böhranları, stress psixologiyası və davranışın öhdəsindən gəlmək məsələsi haqqında auditoriyanı məlumatlandırıb. O, koqnitiv psixologiya və idrak proseslərinin psixofiziologiyası sahəsində tədqiqatlar, müxtəlif yaş dövrlərində və müxtəlif peşə qruplarına münasibətdə psixoloji və subyektiv rifah, bu istiqamətdə meydana çıxan məsələlərin həlli yollarını da iştirakçıların nəzərinə çatdırıb.