Dekabrın 15-də Bakı Konqres Mərkəzində öz işinə başlayan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı davam edir.
 

Qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəblərin rektorları, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və ekspertlər iştirak ediblər.

 

Qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Sonra 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərindən bəhs edən və “Heydər Əliyev milli təhsil strategiyasının banisidir” adlı videoçarxlar nümayiş olunub.

 

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış müraciətini oxuyub. Müraciətdə ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşdığı və misilsiz qayğı göstərdiyi qeyd olunur. Bildirilir ki, təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşayıb. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

 

Ardınca elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XVI qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən nazir son illərdə təhsil sahəsində həyata keçirilən mühüm islahat və layihələrdən danışıb. Azərbaycan təhsilinin inkişaf strategiyasının banisi ümummilli lider Heydər Əliyevin bu sahədəki uğurlu siyasətini vurğulayan nazir ölkə Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qayğısını xüsusilə qeyd edib. 

 

Nazir çıxışında “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu, fəaliyyətə başlayan tədris müəssisələri, eləcə də planlaşdırılan digər layihələrdən danışıb.

 

Emin Əmrullayev pandemiya dövründə təhsil, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, STEAM sinif və mərkəzlərinin yaradılması, həmçinin şagirdlərin beynəlxalq fənn olimpiadalarında uğurlarından danışıb. Nazir inkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr gətirərək təhsilverənlərin əməkhaqqısına dair yeni yanaşmaları vurğulayıb və aylıq vəzifə maaşlarının artan dinamikasını təqdim edib.  

 

Təhsil tələbə kreditlərinin tələbələr üçün ali təhsilə əlçatanlığın təmin edilməsindəki rolundan danışan Emin Əmrullayev 2022–2023-cü tədris ili üzrə 20 min, 2023–2024-cü tədris ili üzrə isə 26 min nəfərin təhsil tələbə kreditindən faydalandığını vurğulayıb.

 

Çıxışının sonunda nazir qurultayın işinə uğurlar arzulayıb.

 

Azərbaycan müəllimlərinin XVI qurultayının "Heydər Əliyev İli"nə təsadüf etdiyini xatırladan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu baxımdan tədbirin əlamətdar olduğunu vurğulayıb. Bugünkü tədbiri Azərbaycan müəllimlərinin zəfər qurultayı kimi dəyərləndirən Bəxtiyar Əliyev təhsil sahəsində aparılan sistemli islahatların əhəmiyyətindən də danışıb. Son 20 ildə təhsil sahəsinə ayrılan xərclərin artdığını diqqətə çatdıran komitə sədri təhsil sahəsində qanunvericilik bazasının möhkəmləndiyini də qeyd edib.

 

Daha sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, son 5 ilin ən mötəbər hadisəsi Azərbaycanın suverenliyinin tam bərpa olunmasıdır. Bu gün qurultayda işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərin də iştirak etdiyini xatırladan İsa Həbibbəyli bunu digər qurultaylardan əsas fərq kimi vurğulayıb.

 

Hazırda yeni bilik və bacarıqlara malik nəsillərin yetişdirilməsinin müstəqil Azərbaycan elminin ən böyük nailiyyətlərindən olduğunu deyən AMEA-nın prezidenti çıxışının sonunda qurultayın bütün iştirakçılarına uğurlar arzulayıb.

 

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023-cü il ərzində həyata keçirilən imtahanların statistikasını diqqətə çatdırıb və bildirib ki, təhsil sistemində həyata keçirilən bütün islahatların nəticəsi müəllimlərin bilik və bacarığı, səriştə və şəxsiyyətindən asılıdır.

 

Məleykə Abbaszadə çıxışının sonunda təlim metodlarının təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin önəmini diqqətə çatdırıb.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında sürətlə dəyişən dünyada tədris proqramlarının daim yenilənməli və təhsildə yeni interaktiv metodların istifadəsinin genişləndirilməli olduğunu qeyd edib. Hafiz Paşayev bildirib ki, gənclərə təhsil istiqaməti və təhsil ocağı üçün çoxlu seçimlər yaradılmalıdır. Həqiqət budur ki, öyrənmə məsuliyyətinin əsas payı təhsilalanların üzərinə düşür və müəllim onlara bu məsuliyyətin dərk olunmasında kömək edə bilər.

 

Qurultayda çıxış edən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sisteminin tətbiqinin onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirdiyini, eləcə də Azərbaycan müəllimlərinin üzərinə düşən missiyanı hər zaman şərəflə yerinə yetirdiklərini vurğulayıblar.

 

Plenar iclasdan sonra qurultay öz işini panel sessiyalarla davam etdirib.

 

Azərbaycan müəllimlərinin XVI qurultayı dekabrın 16-da da işini davam etdirəcək.