Birinci sinfə başlayana qədər hər uşaq məktəbəqədər təhsil üzrə hər hansı modellərdən birində, heç olmasa 1 il təhsilə cəlb olunacaq
Azərbaycanda məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq üçün qabaqcıl təcrübələr araşdırılır. Bakıda müxtəlif təcrübələri tətbiq edənlərin özündən dinləmək və öyrənmək imkanı yaradan konfrans keçirilib. Dekabrın 11-də gerçəkləşən tədbiri Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu təşkil edib. Beynəlxalq konfransda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələr əsas götürülüb.
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktik konfransda elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin struktur bölmələrinin rəhbərləri, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Dünya Bankı və UNICEF-in nümayəndələri, Türkiyə və Estoniyadan məruzəçilər, yerli mütəxəssislər iştirak ediblər.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın İdarə Heyətinin sədri Tural Əhmədovun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsinə nail olmaq üçün beynəlxalq tərəfdaşlarla birlikdə aparılan diaqnostik qiymətləndirmə yekunlaşıb. İlk növbədə iştirak səviyyəsini aşağı qiymətləndirən ekspertlər sağlamlıq imkanları məhdud uşaqların, ucqarlarda yaşayan ailələrin uşaqlarının təhsilə cəlbində də məhdudiyyətlər müşahidə ediblər. Keyfiyyətin monitorinqinə gəlincə, bu istiqamətdə də araşdırmalar aparılıb. Bu il 50 bağçada aparılan keyfiyyət təminatının monitorinqlərindən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib: “Həmin hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb”.
Elm və təhsil naziri Emin Əmrullayev insanın yetişməsində ilk 3 yaşın önəminə diqqət çəkib. O, məhz bu amilin əsas tutularaq erkən yaşda uşaqların təhsilə cəlbini təhsil sahəsində son dövrdə baş verən əsas dəyişikliklərdən biri kimi təqdim edib. Bu prosesin nəticəsi olaraq Azərbaycanda 5-6 yaşlı uşaqlar ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunub, icmaəsaslı məktəbəqədər təhsil qruplarının əhatə dairəsi artıb.
Nazir bildirib ki, həmin uşaqların fərqi daha çox PİSA nəticələri 2030-cu il tədqiqatında görünəcək. E.Əmrullayev bu yaşda müdaxilələrin nəticəsinin 15-20 il sonra göründüyünü bildirib: “Məktəbəqədər yaş dövründə müdaxilələr o qədər də baha deyil. Burada çox sadə müdaxilələrin böyük nəticələri olur. Məsələ, sadəcə onlarla oyun oynamaq, onlarla vaxt keçirmək, uşaqlara kitab oxumaqdır. Bunu hər kəs edə bilər. Evdəki kitabların sayı, valideynlərin kitab oxuma səviyyəsi uşaqların inkişafına təsir edir. Sadə toxunuşlarla böyük nəticələr əldə etmək mümkündür. Uşaqdan məktəbdə nə öyrəndiyini hər gün soruşmağın belə onun düzgün yetişdirilməsində ciddi rolu var”.
Hədəfdə isə dövlət - özəl tərəfdaşlığına əsaslanan modellərin və ailətipli məktəbəqədər təhsil təşəbbüslərinin tətbiqi var. Hazırda Elm və Təhsil Nazirliyində geniş müzakirə olunan həmin təşəbbüslər məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlıdır. Həmin təşəbbüslərin 2024-cü ilin sentyabrından pilot olaraq tətbiqi planlaşdırılır. E.Əmrullayev təhsilin bu səviyəsində özəl sektorla əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayaraq deyib ki, burada dövlətin maliyyələşdirdiyi, idarəetmə və keyfiyyətə nəzarəti isə özəl sektorun həyata keçrdiyi istiqamətdən söhbət gedir.
Nazir E.Əmrullayev bununla bağlı UNICEF-lə əməkdaşlıqdan da danışıb: “Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq. Hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur”.
2026-cı ilə qədər təhsilin bu səviyyəsində də böyük dəyişiklik olacaq. Nazirin sözlərinə görə, bir neçə ilə Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunanlar ölkədəki 1-5 yaşlı uşaqların yarısını əhatə edəcək ki, Azərbaycanda heç vaxt bu göstərici olmayıb. Tezliklə nail olmağı hədəflədikləri plan isə bundan ibarətdir ki, məktəbə gələnə qədər hər uşaq məktəbəqədər təhsil üzrə hər hansı modellərdən birində heç olmasa 1 il təhsilə cəlb olunsun. Buna nail olunsa, qısa zamanda bunun ibtidai təhsildə də nəticəsi görünəcək.
Bəs, infrasrtruktu, məzmunu, məqsədi dəyişən məktəbəqədər təhsil müəssisələrində uşaqlarla işləyəcək şəxslər kimlər olacaq, onlardan hansı keyfiyyət dəyişikliyi tələb ediləcək?
“Az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir”, - deyən nazir qeyd edib ki, növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsil səviyyəsində hazırlanmasına nail olunacaq:“Uzun müddətdir ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlanmır. Yəqin ki, eyni qayda məktəbəqədər təhsilə də tətbiq olunacaq. Növbəti mərhələlərdə məktəbəqədər təhsil mütəxəssislərinin məhz ali təhsil sahəsində,yəni minimum bakalavr təhsil sahəsində hazırlanmasına nail olmalıyıq”.
Konfransın “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”, “Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərində müxtəlif təqdimatlar dinlənilib.
İstanbul Aydın Universitetinin müəllimi, Beynəlxalq Oyun Assosiasiyasının Türkiyə təmsilçisi Belma Tuğrulun çıxışı xüsusilə maraqla qarşılanıb. “Uşaq kimi böyük düşün”, - deyən Belma Tuğrul uşaqların soruşduqlarına diqqət yetirməyi, onların düşüncələrini önəmsədiyinizi onlara göstərməyi tövsiyə edib: “Uşaqlar yanlış deyil, fərqli düşünür. Onların suallarını önəmsəyib, cavablarına ciddi yanaşın. “Boşboğaz” adlandırıb fikirlərini boğmayın. Tərbiyəçi-müəllimlər ağacı dəlib işığın sızmasına səbəb olan ağacdələn kimidir. Uşaqların içərisindəki işığı üzə çıxarmağa çalışın”.
Ruhiyyə DAŞSALAHLI