Dekabrın 13-də Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib.
Forumun təşkilində məqsəd könüllülərin il ərzində göstərdikləri fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etməkdir.
Forumda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, millət vəkili, həmçinin Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev və digər qonaqlar iştirak ediblər.
Forumun rəsmi açılışında əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Ölkə Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin səsləndirilməsi ilə rəsmi açılış hissəsinə start verilib.
Forumda çıxış edənlər Heydər Əliyevin tövsiyələrinin Azərbaycan gənclərinin inkişafında müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Çıxışlar zamanı həmçinin bildirilib ki, Prezident İlham Əliyev tərəfindən könüllülük fəaliyyətinin təşviqi üçün yaradılan imkanlar nəticəsində bu hərəkat geniş vüsət alıb.
Rəsmi çıxışlardan sonra AKTİ-nin sədri Yusif Vəliyev tədbir iştirakçılarına ittifaqın illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib.
Forum çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.
Forumda 3 minə yaxın könüllü iştirak edib.