SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 7 nəfər I, 23 nəfər II, 18 nəfər III yerə layiq görülüb. 16 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

 

Ümumilikdə festivalın final mərhələsində BŞTİ-nin tabeliyindəki 54 məktəb üzrə 110 şagird yarışa qatılıb.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan festival 4-8 dekabr tarixlərində baş tutub. SAF 2023 ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib.

 

Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Əcnəbi iştirakçılar Türkiyə, Niderland, Çex Respublikası, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistanı təmsil ediblər.

 

Beynəlxalq SAF 2023-də ümumilikdə 27 komanda I, 73 komanda II, 67 komanda isə III yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda fərqlənib.

 

Qeyd edək ki, SAF 2023-ün keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlərin XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.