Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev məktəbində “Liderlik fenomeni və Heydər Əliyev” mövzusunda növbəti məşğələ keçirilib.
SDU-nun rektoru Rüfət Əzizov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, universitetin Heydər Əliyev məktəbinin hər məşğələsi Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyətinin müəyyən bir sahəsinə həsr olunur, budəfəki məşğələ də “Liderlik fenomeni və Heydər Əliyev” mövzusunu əhatə edir. Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün ciddi elmi araşdırmalar mövzusu olduğunu vurğulayan rektor qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildən cismən aramızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. “Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir, onun zəngin irsi araşdırılır. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə xalqımız ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük dirçəlişə nail olub. Ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarıb”-deyə rektor vurğulayıb.
YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.
Pedaqogika və psixologiya kafedrasının dosenti Sevər Mirzəyeva isə “Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin səciyyəvi cəhətləri” mövzusunda geniş məruzə edib. Bildirib ki, Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və milli məfkurəyə bağlılığında idi.
Tədbirdə digər çıxış edənlər də Heydər Əliyevin ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər.