Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub.
Ümumi təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları keçirilib.
Anım tədbirlərində Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə şagirdlərə Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verilib.
Həmçinin tədbirlərdə Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin qalib ölkənin lideri kimi dünyada tanındığı və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət sayəsində ərazi bütövlüyümüzün bərpasının tam təmin olunmasının qürurverici hiss olduğu qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən Heydər Əliyev dühasını daha dərindən dərk etmək baxımından yaradılmış bir imkandır.
Tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar təqdim olunub.
Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.