Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycanın tanınmış incəsənət xadimləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev ölkəmizin təhsil, mədəniyyət tarixində xüsusi yerə, zəngin ənənələrə malik olan ADMİU-nun kollektivini 100 illik yubiley münasibətilə təbrik edib.

 

Y.Piriyev iki universitet arasındakı əlaqələrdən də bəhs edib və BMU-da mühəndis kadrlarının hazırlığının həyata keçirilməsinə baxmayaraq,  tələbələrin mədəniyyətə böyük maraq göstərdiklərini bildirib.

 

Çıxışının sonunda ADMİU-nun bundan sonra da ölkəmizi mədəniyyət və incəsənət sahəsi üzrə dəyərli kadrlarla təmin edəcəyinə, milli mədəniyyətimizə töhfələr verməkdə davam edəcəyinə əminliyini söyləyən Y.Piriyev universitetin kollektivinə uğurlar arzulayıb.

 

ADMİU-nun rektoru professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təsil müəssisəsinin böyük tarixi yol qət etdiyini vurğulayıb. Rektor 1923-cü ildə Bakı Teatr Məktəbinin bazasında yaradılan, 1991-ci ildə isə universitet statusu qazanan ADMİU-nun hazırda yalnız teatr sahəsi üzrə deyil, kino, audiovizual, rəssamlıq, musiqi sənəti kimi sahələri də əhatə edərək, hazırda 5 istiqamət üzrə fakültələri birləşdirdiyini, eyni zamanda müasir dövrün tələbləri əsasında aktual ixtisaslar üzrə də kadr hazırlığına başlanıldığını qeyd edib.

 

ADMİU-nun rektoru çıxışını müxtəlif profilli ali təhsil müəssisələri arasında qurulan səmərəli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamaqla yekunlaşdırıb.

 

Çıxışlardan sonra rektorlar tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Tədbir ADMİU-nun musiqi sənəti fakültəsinin hazırladığı konsertlə davam edib.