Rektor gələcəyin nəqliyyatçıları ilə görüşdə dövlətin və universitetin gözləntilərini dilə gətirib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın universitetin birinci kurs tələbələri ilə görüşləri davam edir. Növbəti görüş nəqliyyat fakültəsinin tələbələri ilə keçirilib.
Görüşdə prorektorlar, fakültənin dekanı, fakültə kafedralarının müdirləri, müəllimlər və tələbə təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Dekan Elçin Yusifzadə qeyd edib ki, 2023/2024-cü tədris ilində nəqliyyat fakültəsinə Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Geomatika və geodeziya mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Nəqliyyat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi və Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə ümumilikdə 351 tələbə daxil olub.
Rektor G.Məmmədova işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işlərinə, yol çəkilişinə, tunel tikintisinə və körpü salınmasına diqqət çəkib, tələbələri təhsildə uğur əldə edərək mühəndis kadrlar kimi yetişməyə və azad olunmuş ərazilərimizin dirçəldilməsi missiyasında iştiraka səsləyib.
Professor G.Məmmədova gələcəyin nəqliyyatçılarından gözləntilərin böyük olduğunu söyləyib. Bildirib ki, tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan yalnız tranzit ölkə yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olaraq çıxış edir: “Bizim nəqliyyat dəhlizi kimi funksionallığımızı və əhəmiyyətimizi artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin – nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilib. Əlbəttə ki, siz ixtisaslı mühəndislər, nəqliyyatçılar olaraq fəaliyyətinizlə bu istiqamətdə ortaya qoyulan siyasi iradəni dəstəkləməli və ölkəmizin iqtisadi marağının təmin olunmasında yaxından iştirak etməlisiniz”.
Rektor daha sonra AzMİU-nun daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, hüquqları barədə danışıb, universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə toxunub. Onları ali təhsil ocağının ictimai həyatında fəal iştirak etməyə, tələbə təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmağa çağırıb.
Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.
Tələbələrlə görüşdə rektor onları maraqlandıran bütün sualları ətraflı cavablandırıb, onların ayrı-ayrılıqda arzu və təkliflərini, şikayətlərini dinləyib və lazımi tövsiyələrini verib.