Əmək bazarının tələbinə uyğun ixtisaslarda məşğulluq göstəricisi 60 faizdən çoxdur
İKT, turizm-xidmət, avtomobil diaqnostikası, elektrik qaz qaynaqçısı, bərbər, avtomatika, dərzi, qrafik dizayner, aqroservis mütəxəssisi kimi ixtisaslar artıq uzun müddətdir ki, əmək bazarının dəyişməz tələbatı olaraq qarşımıza çıxır. Bu ixtisaslar həm də gənclərin ən çox yiyələnmək istədikləri ixtisaslardır. Son 3 ildə İKT sahəsi üzrə ixtisaslara - veb dizayner, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına böyük maraq müşahidə olunur. Dayə, qrimçi-pastijor, laborantmikrobioloq, moda dizaynı isə qızların ən çox maraq göstərdiyi ixtisaslardır. Builki qəbulda qızlar seçimində kimyəvi analiz laborantı, geyim üzrə dizayner, xalçaçı, kargüzar, tədbirlərin təşkilatçısı və qənnadçı, şirniyyatçı ixtisaslarına da seçim üstünlüyü veriblər. Gənclərin subbakalavr dərəcəsi verən yüksək peşə təhsilinə artan marağı isə onların ömürboyu öyrənmə imkanlarından yararlanacaqlarının əsas göstəricisidir.
Karyera mərkəzlərində toplanan tələblər peşə təhsilinin təklifinə çevrilir
Bazarla təhsilalanların istəkləri isə həmişə üst-üstə düşmür. Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdir müavini, müdir səlahiyyətlərini müvəqqəti icra edən Nigar İsmayılzadə - Əsgərovanın fikrincə, tələbatı düzgün müəyyənləşdirmək, əmək bazarının tələbinə uyğun ixtisaslarda və yetərli sayda kadr hazırlığına nail olmaq üçün Agentlikdə planlı iş aparılır. İşəgötürənlərin sifarişləri ilboyu peşə təhsili müəssisələri tərəfindən araşdırılır və həmçinin müxtəlif platformalar üzərində dialoq qurulur. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində bu istiqamətdə peşə təhsili müəssisələrində yaradılan Karyera mərkəzləri və tələbələr üçün karyera məsləhət xidmətləri təşkil edilib. Tələbələrin əmək bazarına daxil olmasına dəstək verən Karyera mərkəzlərində onlara müxtəlif işaxtarma bacarıqlarına yiyələnmək üçün təlimlər keçilir, əmək yarmarkalarında iştiraklarına dəstək göstərilir. Karyera mərkəzləri həm də işəgötürənlərin kadr tələblərini müəyyənləşdirir, şirkətlərin kadrlarda hansı səriştələr axtardığını araşdırırlar”.
İşəgötürənlərə kimlər lazımdır?
Nigar İsmayılzadə - Əsgərovanın sözlərinə görə, əmək bazarında təcrübəsi və səriştələri olan kadrlara tələbat yüksəkdir. Ümumiyyətlə götürsək, işəgötürənlər dual təhsil modeli ilə hazırlanan kadrlara üstünlük verirlər: “Sevindirici məqamdır ki, bu qruplardan məzun olan tələbələrimiz artıq tədris ilinin sonuna iş təklifləri alır və əksəriyyəti işlə təmin olunur”.
2022/2023-cü tədris ilində 70-dən çox işəgötürənlə əməkdaşlıq çərçivəsində 700-dən çox tələbə bu təhsil proqramına cəlb edilib. Tələbələrin təxminən yarısı peşə təhsil müəssisəsini bitirər-bitirməz iş təklifi alıb: “Bu tədris ilində isə 12 regionda 48 qrup təşkil edilib. Hazırda 872 tələbə 22 ixtisas üzrə təhsil alır. Dual proqramlarda iş yerində öyrənmə zamanı təhsil alan tələbənin səriştə və bacarıqları, həmçinin xarakterik göstəriciləri ilə işəgötürən daha yaxından tanış olur, onun şirkətə uyğunluğunu və potensialını müəyyən edir. Şirkətin etimad etdiyi işçi tələbə ilə birbaşa işləyir və ona mentorluq edir, öz təcrübəsini və biznes etikasını öyrədir”.
İş yerlərinin tanıdılması, ehtiyac duyulan ixtisaslarla bağlı məlumat əldə etməsi üçün, sadəcə peşə təhsili müəssisələrinin tələbələrinə yox, peşəyönümü tədbirlər çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdlərinə də şərait yaradılır. Şagirdlər üçün ayrı-ayrı ixtisaslarla bağlı ustad dərsləri keçilir, şirkətlərə infoturlar təşkil edilir, onlarla ayrı-ayrı peşə sahibləri görüşərək öz uğur hekayələrini paylaşırlar: “Məsələn, balıqçılıq ixtisasları ilə tanışlıq məqsədi ilə Neftçalada olduq. “Azfish” MMC öz fəaliyyəti, uğurlu kadrları ilə bağlı çox həvəslə məlumatlar paylaşdı. Bitkilər dünyasına isə “LU-MUN Holding”in təşkilatçılığı ilə səyahət təşkil etdik, onlar bitkilərə qulluğun maraqlı məqamlarını öz qonaqları ilə bölüşdü”.
Kadr hazırlığında işəgötürənlərin rolu
Beləliklə, peşə təhsilində qəbul planı, ilk növbədə, işəgötürənlərin sifarişi əsasında hazırlanır: “İl ərzində şirkətlərin tələbləri toplanır, təhlil olunur və buna uyğun olaraq qəbul planı hazırlanır. Nəqliyyat, emal sənayesi və digər sahələr üzrə işəgötürənlərdən ilboyu sifarişlər gəlir. İşəgötürənin ehtiyaclarına uyğun olaraq qruplar formalaşdırılır, yaxud təlimin müddətinə görə ehtiyac olarsa, yenidən kurikulum hazırlanır, təlimlər təşkil olunur”.
Məsələn, son 6 ildə müasir əmək bazarının tələblərinə uyğun 74 yeni təhsil proqramı hazırlanıb, 500.000-dən çox yeni dərslik çap edilib.
Nigar İsmayılzadə - Əsgərovanın sözlərinə görə, ixtisasartırma və ixtisaslaşma təlimlərinə böyük tələbat yaranıb. Bu tələbatı, o cümlədən ömürboyu öyrənmə amilini nəzərə alaraq yaşlıların da əmək bazarına daxil olmasını təmin etmək üçün Agentlik bu istiqaməti son 3 ildə gücləndirib.
“Qaynaqçı ixtisası üzrə məzunlarımız iş seçir”
Əmək bazarının tələbinin nəzərə alınması isə peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunma faizində özünü göstərib. Bəzi müəssisələrdə məşğulluq göstəricisinin 60 faizdən çox olduğunu deyən N.İsmayılzadə-Əsgərovanın fikrincə, bu nəticə daha çox əmək bazarının tələbinə uyğun ixtisaslardadır: “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin builki məzunları arasında işsiz qalan olmayıb. Xidmət, turizm sahələrində məşğulluq göstəriciləri çox yüksəkdir. Hazırda işəgötürən şirkətlərdən qaynaqçı ixtisası üzrə çoxlu sifarişlər alırıq.
Təcrübə keçdiyi restorandan iş təklifi
Əmək bazarının tələbinə uyğun ixtisas seçib hələ təhsilini tamamlamadan iş tapanlardan biri Orxan Əsgrovdur.
Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dual təhsil modeli əsasında aşpazlıq ixtisası üzrə təhsil alan 2001-ci il təvəllüdlü Orxan peşəsinə olan marağın fərqindədir. Amma o, yaxşı aşpazlara böyük tələbat var deyə yox, özü sevdiyi üçün seçib: “2 gün peşə təhsil mərkəzində nəzəri biliklər əldə edirəm, 3 gün isə oteldə təcrübə keçirəm”.
O.Əsgərov öz bacarığına güvənir və artıq təcrübə keçdiyi restorandan iş təklifi də alıb: “Aşpaz olmağa qərar vermədən öncə özümu bir çox işdə sınadım”.
Özünü tapdığı işi tapana qədər müharibədə də iştirak edib. Vətən müharibəsi iştirakçısı Orxan Əsgərov dünya xalqlarının yeməklərinə maraq sarıb: “Hərbi xidməti uğurla başa vurduqdan sonra aşpazlıq ixtisası haqqında fikrim qətiləşdi. Elektron qeydiyyatdan keçib bu peşə mərkəzinə qəbul olundum. Məni bu peşəyə bağlayan öz həvəsimlə yanaşı, işin gözəllikləridir. Üstəlik, aşpazlıq bacarığımın olduğunu özüm də hiss edirəm. Hər xalqın fərqli damaq zövqü var və bunu araşdırmaq mənim üçün çox maraqlıdır. Bu marağımı necə təmin edəcəyimi isə təhsil aldığım peşə mərkəzində öyrəndim”.
Aşpaz tələbənin arzusu dünya səviyyəli yarışlara qatılaraq öz ölkəsinin təamlarını dünyaya da nümayiş etdirməkdir.
Peşə təhsili alıb, işsiz qalmayıb
Peşə təhsilini bir neçə il öncə tamamlayıb işə başlayanların karyera imkanları da peşə təhsili müəssisələrinin əmək bazarındakı yerini təsdiq edir. Məsələn, Xəzər Əzizov hazırda otel meneceri, otel sahibkarının köməkçisidir. Atatürk Universitetinin tələbəsidir. Peşə təhsili müəssisəsindən bir neçə ildir məzun olub. Amma indiyə qədər hələ işsiz qaldığı olmayıb. Hekayəsini dinləyəndə anlayırsan ki, Xəzər dediyi ömürboyu təhsil almağa ehtiyac duyacaq kadrlardandır. Çünki o, yenidən başlamağa, heç bilmədiyi sahədə özünü sınamağa qorxmur. Hələ gənc olmasına baxmayaraq, dəfələrlə sıfırdan başlayıb. Hər başlanğıcı uğurlu olub. Əvvəlcə hərbiçi olmaq istəyib, xüsusi təyinatlı dəstədə xidmət edib. Aldığı xəsarət hərb meydanında sözünü deməsinə mane olanda peşə təhsili almağa qərar verib və bu qərarı bütün həyatını dəyişib- hədəflərini aydınlaşdırıb: “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mehmanxana inzibatçısı ixtisasına qəbul olundum. Peşə təhsili həyatımda xüsusi rol oynadı. Burada maraqlı layihələrə qoşularaq müvafiq ixtisas üzrə bilik və bacarıqlar əldə etdim”.
Peşə təhsilinə böyük marağı yaranan X.Əzizov məzun olduqdan sonra müxtəlif sahələrdə işləyib, uğur qazanıb. Amma peşə təhsilində qazandığı bacarıqlar, yaranan həvəs günün birində onu çox uğurla davam edən işini atıb mehmanxana sahəsinə qayıtmağa təhrik edib. Sonuncu iş yeri olan oteldə cəmi bir neçə ay içərisində pilləpillə qalxıb: “İndiki iş yerimdə müsahibədə məndən soruşdular ki, nə qədər maaş istəyirəm. Cavab verdim ki, əməyimə baxıb vəzifəmi və maaşımı özünüz müəyyənləşdirin. Onlar da bacarığıma, işimə, əməyimə baxıb həm maaşımı, həm vəzifəmi müəyyənləşdirdilər. Üzərimə məsuliyyət götürməkdən qorxmuram. İşimi sevirəm. Peşəmə olan sevgimə görə də təhsil aldığım Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə, müəllimlərimə borcluyam”.
X.Əzizov peşə təhsili aldığı müəssisə ilə əlaqələrini itirməyib. Mütəmadi müəssisəyə gedir, tələbələrlə görüşür. Onlarla öz təcrübəsini bölüşür, təlimlər keçir. Peşə təhsili mərkəzinin uğurlu məzunlarından biri olaraq öz uğurlarını tələbələrlə də paylaşır.
Ruhiyyə DAŞSALAHLI