Media subyektləri ilə Elm və Təhsil Nazirliyinin qurumları arasında şəbəkələşmə artırılır
Ömürboyu öyrən. Bu, indi zamanın tələbidir. Zamanın tələbini necə ödəmək isə hər insanın öz üzərinə düşür. İstəyirsən əylənərək, istəyirsən dinləyərək öyrən. Bu günlərdə Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə dinləyərək öyrənməyi özündə ehtiva edən maraqlı bir tədbir baş tutdu. Noyabrın 28-də gerçəkləşən həmin tədbir təkcə bu il ərzində nazirliyin bir sıra tabe qurumlarının qatıldığı, məlumatlandırdığı, bütün sualları cavablandırdığı IV seminar-təlim idi. “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminar-təlimin iştirakçıları media nümayəndələri ilə yanaşı, həm də nazirliyin qurum və layihələrinin, regional təhsil idarələrinin, ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları oldu.
Nazirliyin əsas fəaliyyət istiqamətləri müzakirədə
Müzakirə olunan məsələlərə gəlincə, bu, nazirliyin tabe qurumlarının əsas fəaliyyət istiqamətləri ilə bağlı ən müxtəlif mövzuları əhatə etdi. Məsələn, təhsil islahatlarının toplandığı, fəaliyyət planına çevrilərək icraya yönəldildiyi, icra vəziyyətinin izlənildiyi və hesabat şəklində ortaya çıxarıldığı şöbənin - Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin fəaliyyəti ilə bağlı təqdim edilən informasiya media üçün, demək olar ki, tamamilə yeni idi. Şöbənin müdiri Leyla Xəlilova-Rzazadə Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planının əsas strateji istiqamətlərini diqqətə çatdırdı.
Jurnalistlər üçün çoxdan gözlənilən mövzular da müzakirələrdə yer aldı. Nazirliyin yeni agentlikləri - istər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, istərsə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti böyük maraq doğurdu. Eşqi Bağırov direktoru olduğu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərini, Ülkər Səttarova isə rəhbəri olduğu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin hədəflərini, planlarını açıqladı. Artıq yeni strukturlarda təşkil edilən təhsil səviyyələrində qeydə alınan, gözlənilən yenilikləri göz önünə sərgilədilər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilində nail olduqları uğurlarla yanaşı, problemlərə də diqqət çəkdi, peşə təhsili səviyyəsinin keyfiyyətinə təsir edən ənənəvi peşə təhsili modelinin uğursuzluğuna toxundu. Amma vəziyyətdən çıxış yolu axtardıqlarını və artıq konkret addımlar atmağa hazırlaşdıqlarını da vurğuladı.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov isə 2023-cü il ərzində həyata keçirdikləri fəaliyyətə nəzər saldı. Onun sözlərinə görə, indiyədək xaricdə təhsil sənədinin tanınması ilə bağlı 6270 müraciət daxil olub. 5215 müraciətə (83 faiz) müsbət, 1055 müraciətə (27 faiz) isə mənfi cavab verilib.
K.Rəsulov fəaliyyətlərində hər kəsin çoxdan gözlədiyi irəliləyişi də qeyd etdi. Belə ki, bu sahədə ən böyük yenilik müraciətlərin cavablandırılması müddəti ilə bağlıdır. Bu ilin fevralında təsdiq edilən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na görə, artıq müraciətlər 3-4 aya yox, 12-13 gün ərzində cavablandırılır.
Seminar-təlim məqsədinə çatdı
2023-cü il sona yaxınlaşır. Bu il ərzində keçirilən IV və son tədbir də media sahəsində peşəkar vərdişlərin inkişafına yönəldi, qurumlar və media arasında kommunikasiyanın düzgün təşkilinə həsr edildi. Bəs, məqsədinə çatdımı? Əlbəttə ki, çatdı.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli kommunikasiyanı möhkəmləndirmək, daha operativ informasiyanı təmin etmək məqsədi daşıyan seminar-təlimin gözlənilən nəticələrinə diqqət çəkdi. Aparat rəhbəri, seminar-təlimlərin media subyektləri ilə Elm və Təhsil Nazirliyinin müxtəlif qurumları arasındakı mövcud şəbəkələşməni artırmaqda roluna inanır.
Ruhiyyə DAŞSALAHLI