Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin tələbəsi Murad Məmmədov “UI Green Metric” beynəlxalq reytinq şirkətinin və Özbəkistanın Buxara Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “2nd İnternational Student Leaders Meeting 2023” proqramında iştirak edib.
Proqrama AzMİU tələbəsi ilə yanaşı, 7 ölkədən təmsilçilər qatılıb.
Məlumat üçün bildirək ki, tələbə liderlər üçün nəzərdə tutulan proqram qlobal platforma rolunu oynayır. Təmsilçilər bu proqramda innovativ ideyalarını, ən yaxşı təcrübələrini, ekoloji, sosial və iqtisadi davamlılığa dair fikirlərini bölüşürlər. Onlar planetimiz üçün davamlı gələcək yaratmaq məqsədi ilə aktual müzakirələrlə məşğul olur, fəaliyyət planları hazırlayır və mədəniyyətlərarası əlaqələri gücləndirirlər.
Tədbiri açıq elan edən Buxara Dövlət Universitetinin rektoru professor Obidjon Xamidov proqramın lider tələbələr və universitetlər üçün əhəmiyyətinə toxunub, mövzuların aktuallığı, eləcə də lider tələbələrlə birgə müzakirələrin dünyada ekoloji, sosial, iqtisadi davamlılığa öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Tədbir müxtəlif universitetlərdən gəlmiş professorların maraqlı təqdimatları ilə davam edib.
“2nd İnternational Student Leaders Meeting 2023”ün ikinci günü AzMİU tələbəsi Buxarada ağacəkmə aksiyasına cəlb olunub.
Qeyd edək ki, “UI Green Metric World University Ranking” ekologiya sahəsində yeganə beynəlxalq reytinq nəşridir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.
AzMİU artıq 6 dəfə “UI Green Metric World University” beynəlxalq reytinq bazasının “Ekoloji cəhətdən dünyanın ən dayanıqlı universitetləri” siyahısına daxil olub. 2022-ci ildə AzMİU dünya üzrə 625-ci yerdə qərarlaşıb.
Reytinq tərtib edilən zaman istehlak və enerjiyə qənaət, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi üzrə göstəricilər əsas götürülür. Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.