Noyabrın 24-də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi və orta ixtisas təhsili müəssisələrinin baş mühasiblərinin iştirakı ilə növbəti praktiki seminar keçirilib. 
 

Seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik, bacarıqlarının artırılmasının vacibliyi, eləcə də dövlət büdcəsində elm, təhsil xərclərinin həcmi barədə iştirakçıları məlumatlandırıb, mühasiblərə bir sıra təklif və tövsiyələrini verib.

 

Sonra Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdir müavini İlqar Bayramlı çıxış edərək büdcənin planlaşdırılması, xərclərin proqnozlaşdırılması, ştat-smeta intizamı ilə bağlı qarşıda duran vəzifələrin icrasından irəli gələn məsələlər, aidiyyəti müəssisələrin saxlanılması, həmçinin dövlət büdcəsində nəzərdə tutulan xərclər barədə bir sıra statistik məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb. 

 

Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı və statistika, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib. 

 

Seminarın sonunda isə mühasibləri maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.