Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “İnşaatın müasir problemləri” mövzusuna həsr olunmuş beynəlxalq elmi–praktik konfrans keçirilib.

 

Konfransda AzMİU-nun rəhbərliyi,  professor-müəllim heyəti, İTÜ-nün inşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa Gençoğlu, müəllimləri, “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Aygen, Türkiyə və Azərbaycanın tanınmış tikinti şirkətlərinin nümayəndələri, eləcə də müxtəlif ölkələrdən ( Özbəkistan, Qazaxıstan, Ukraynadan) olan görkəmli  alimlər iştirak ediblər.

 

AzMİU-nun inşaat fakültəsinin dekanı Sahib Fərzəliyev giriş nitqi ilə çıxış edərək işğaldan azad edilmiş ərazilərimiz fonunda ölkəmizdə gedən geniş quruculuq və yenidənqurma işlərinə diqqət çəkib. Azərbaycanın tikinti sektorunda normativ, texniki sənədlərdə, layihələndirmə işində olan aktual problemlərdən bəhs edib. Hər iki universitetin birgə təkilatçılığı ilə keçirilən konfransın əhəmiyyətindən danışıb.

 

AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxışında İTÜ və AzMİU arasında elm, təhsil, beynəlxalq münasibətlər  sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkib: “Bu əməkdaşlığın nəticəsidir ki, biz inşaatın problemlərindən bəhs edən birgə beynəlxalq konfrans təşkil  edirik”.

 

İTU ilə növbəti müştərək konfransın iyun ayında keçiriləcəyinin müjdəsini verən prorektor  müzakirə olunacaq mövzunun elmə və istehsalata faydasından danışıb.

 

İTÜ-nün inşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa Gençoğlu çıxışına AzMİU və İTÜ arasında 5 il əvvəl bağlanan ikili diplom proqramının vaxtının uzadılması müjdəsini verməklə başlayıb: “Dünən həmkarlarımızla görüşdə qərara gəldik ki, bu əməkdaşlığı 25 il daha uzadaq. Təhsil, elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı davam etdirək, beynəlxalq xarakterli konfranslar təşkil edək”.

 

AzMİU rəhbərliyinə  təşəkkürünü bildirən Mustafa Gençoğlu  konfransın davamının Türkiyədə də təşkil ediləcəyini bildirib. 

 

Türkiyənin “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Aygen mövzunun tikinti şirkəti üçün əhəmiyyətini diqqətə çatdırıb. O, hazırda Qarabağ və Şərqi Zəngəzurda inşaat sahəsində qarşılaşdıqları problemlərdən danışıb və inşaata həsr olunan elmi platformanın bu tip problemlərin həllində əhəmiyyətini qeyd edib. 

 

Konfransın plenar iclasınında Özbəkistan, Türkiyə və Azərbaycan elm adamlarının “Unikal bina və tikililərin uzun müddətli fəza strukturlarının seysmik müqavimət nəzəriyyəsinin işlənib hazırlanmasında qeyri-xəttiliyin nəzərə alınması problemləri”, “Seysmik həyəcanlar altında hiperbolik soyutma qülləsinin qeyri-xətti zaman tarixinin təhlili” və “Azərbaycanın seysmik rayonlarda tikinti normalarının təkmilləşdirilməsinin bəzi nüansları” mövzusunda məruzələri dinlənilib.